743 nəfər təhsilverənlərin təkrar sertifikatlaşdırmasından keçməyib.
AzerTimes xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, ötən il ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesində 11 211 nəfər ibtidai sinif müəllimi iştirak edib və bu prosesdə 97 faiz davamiyyət qeydə alınıb.
Prosesi uğurla tamamlayaraq 51-60 bal toplamış 3 163 müəllimin vəzifə maaşına 35 faiz, 30-50 bal toplamış 5 624 müəllimin vəzifə maaşına isə 10 faiz əlavə edilib.
Cari ilin 29 avqust tarixində ötən il keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 1 939 müəllim iştirak edib. Onlardan 1 334 nəfəri keçid balını toplayaraq növbəti mərhələdə iştirak imkanı qazanıb. Təkrar imtahanda iştirak edən müəllimlərdən 605 nəfəri müvafiq keçid balını toplaya bilməyib. Eyni zamanda imtahanda iştirak etməyən 138 müəllim də sertifikatlaşdırmadan keçməmiş hesab olunub.
Bu il sertifikatlaşdırma qaydalarına edilmiş dəyişikliyə əsasən 60 və daha yuxarı yaşda olan müəllimlərin prosesdə iştirakı könüllü olub.
2023-cü ilin əvvəlindən ötən il sertifikatlaşdırma prosesində uğur qazanmamış müəllimlərə Təhsil İnsitutu tərəfindən təlimlər keçirilib, təlimdə iştirak edən müəllimlərin 80 faizi təkrar sertifikatlaşdırmada uğur qazanıb.
Sentyabrın 1-də Sertifikatlaşdırma Şurasının iclası keçirilib və yekun nəticələr müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Sertifikatlaşdırma qaydalarına uyğun olaraq təkrar imtahandan keçməyən müəllimlərlə bağlı əmək qanunvericiliyinin tələblərinə uyğun addımlar atılacaq.