Birinci yazı
Azərbaycan Dillər Universitetində professor olan Həbib Zərbəliyev adlı alimin varlığından illərlə işlədiyi təhsil ocağına qarşı silsilə yazılarından xəbər tutdum. Professor sosial şəbəkə səhifəsində ADU-ya qarşı qara piara girişib. Elə təəssürat yaranır ki, bu şəxsin başqa heç bir işi-gücü yoxdur: elmi fəaliyyət, alim davranışı, ziyalı mövqeyinə statuslarında rast gəlmək mümkün deyil. Yalnız və yalnız şikayət, ərizə, ah-nalə, sızıntı…
ADU-nun son illər qazandığı uğurlar saysız-hesabsızdır. 2017-ci ildə – akademik Kamal Abdulla ora rektor təyin ediləndə ADU-nun hansı gərginlik içində olduğunu yaxşı xatırlayırıq: tələbələr aksiya keçirirdilər, universitetdə qanunsuzluqdan şikayətlənirdilər, ADU tələbələrinin etirazının səs-küyü bütün ölkəni başına götürmüşdü. 300-dən çox tələbənin qatıldığı aksiyanın nəticəsi necə oldu?
Kamal Abdulla rektor təyin olunandan cəmi bir gün sonra həmin tələbələrin önünə çıxdı və… yarımca saatdan sonra tələbələr rektoru alqışlamaqla auditoriyalara girdilər. Artıq 6 ildir ki, ADU-da hansısa tələbənin narazılığından söhbət gedə bilməz.
Kamal Abdulla hələ gənc yaşlarından minlərlə tələbənin idealı, kumiri olub (şəxsən öz adıma deyirəm): elmi baxışları, yanaşmaları şablonluqdan tamamilə fərqlənib, elmə qeyri-adi baxış, yeniliklər gətirib. Onun “Gizli Dədə Qorqud”u 90-larda humanitar sahənin tələbələrinin masaüstü kitabı idi və yalnız bu kitab deyildi…
Kamal Abdulla xarakter etibarilə də tələbələrə çox yaxın olub: səmimi davranışı, kompleksdən kənar, bir az da çılğın xasiyyəti onu hər kəsin sevimlisi etmişdi.
Sonra “Yarımçıq əlyasma” səs-küyü, sonra “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox…”
Kamal Abdulla bizim təfəkkürümüzü formalaşdıran min illik mifoloji, dini, fəlsəfi dünyagörüşü ümumiləçdirib, obrazlı ifadə və bəzən onu tərs üzünə (astarına) çevirməklə qeyri-adi baxış ortaya qoyan çox nadir yazıçı, alim, yaradıcıdır. Onun istər elmi, istərsə də bədii əsərləri o qədər dərindir ki, hər cümləsində yatan mənanı dərk etmək üçün mütləq hazırlıqlı olmaq lazımdır: dünya mifoloji-dini-əsatirini bilməlisən, Dədər Qorqudu dərk etməlisən, o cəmiyyəti təkcə oxuduqlarınla yox, ruhunla hiss etməlisən ki, Kamal Abdullanın hansı mənəvi və fikir qatından, parallel dünyalardan, yaranış düşüncəsindən soraqçı olduğunu qismən dərk edəsən.
Kamal Abdulla onu görə nadirdir ki, kimsəni təkrar etməyib – nə elmi, nə bədii yaradıcılığında, nə də ictimai fəaliyyətində.
Ən gənc yaşında yaxşı oxuyan “yetim” (sözün tam mənasında) tələbələri arayıb-axtarıb, onları Ədəbiyyat Fondunun təqaüdünə salmaqla məşğul olurdu. Şəxsən mənim tələbə yoldaşlarım arasında onun himayəsində yaşayanlar vardı. Və Kamal Abdulla bunları bir dəfə də dilinə alıb, deməyib. Mən bunu ona görə bilirəm ki, həmin tələbələrin bir qismini tanıyırdım!
2000-ci ildə BSU-ya rektor təyin edildi. Bu institutun hansı səviyyədə olduğunu yada salmaq üçün mütləq 90-cı illəri xatırlamaq lazımdır. Yalnız Kamal Abdullanın sayəsində bu bəyənmədiyimiz, bəzən özündənrazı halda lağ etdiyimiz institutut Azərbaycanda ən reytinqli ali təhsil ocağına çevrildi –sorağı sərhədimizi aşdı: bura xarici ölkə başçılarının ziyarət etdiyi, səfirlərin ayaq açdığı yerə, DİM-in ən yüksək balla keçidi olan ali təhsil müəssisələrindən birinə çevrildi. Həm də yaradıcı gənclərin ocağı oldu.
Eyni və daha irimiqyaslı proses ADU-ya gələndən sonra oldu: qəbul faizi hazırda Azərbaycan ali məktəbləri içərisində ən yüksək olan universitetlərdən biridir ADU. Bu universitetdən xaricə göndərilən tələbələrin sayı artıb, universitetin dünyanın qabaqcıl ali təhsil ocaqları ilə əlaqələri ən yüksək səviyyədə qurulub: müxtəlif ölkələrin dil mərkəzləri fəaliyyət göstərir, “səfir saatları” olur və təbii ki, “Bir günlük xəlifə” tipində unikal layihələr…
İndi ADU dünyanın ən reytinqli universitetləri siyahıslında 300-cü olmaqla fərx edir!
Kamal Abdulla idarəetmədə də fərqlidir. Ötən il xarici ölkələrdən birində, nüfuzlu bir universitetin birinci kursları “qəbul törəni”nin şahidi oldum. Sözün hər mənasında füsunkar idi. Çəkdim, nümunə kimi ölkəmizdə təbliğ etməyə qərar verdim. Ölkəyə qayıdanda isə gördüm ki, az qala ondan da gözəlini ADU keçirib – rektor tələbələrin içində, onlarla birgə sevinib, onlarla birgə şənlənir…
Bilmirəm Kamal Abdulla bu törəni o böyük universitetlərdən əxz edib, ya yox. Götürə də bilər. Ancaq əslində bu, Kamal müəllimin xarakteridir: hər yerdə yenilik, fərqli baxış, fərqli münasibət, şablondan, standartdan kənar…
…Bu düşündüklərimin mində brini yazmağa bəhanə verdiyi üçün Həbib Zərbəliyevə təşəkkür edib, mövzuya qayıdaq: 70 yaşlı professor ADU-da tələbələrlə bağlı “qanunsuzluqlar” haqda 5-6 “faktı” yazıb, korrupsuyadan bəhs etməyi özünə rəva bilir. Tarixlərini də qoyur: 2018, 2019…
Həmin illərdə həmin bu Həbib Zərbəliyev ADU-da yüksək vəzifə tuturdu.
Əvvəla, minlərlə tələbənin təhsil aldığı bir ocaqda ildə 1-2 tələbəyə hansısa güzəştin olması mümkündür: məgər kimin “keçilməyəcək dostu” yoxdur ki bu ölkədə!
İkincisi, əgər doğrudan da 2018 və ya 2019-cu ildə hansısa tələbəyə hansısa məqama görə güzəşt edilibsə (bu barədə heç bir bilgim yoxdur, buna ADU cavab verər), dekanlara belə təsir edəcək vəzifə daşıyan Zərbəliyev bunu bilib, niyə göz yumub?
Üçüncüsü, 5 ildən sonra bu “qanunsuzluq” niyə dilə gətirilməlidir? Demək, 5 il müddətində bir “faktı” görüb, illərlə saxlamısan ki, nə vaxtsa kompramat kimi istifadə edəsən?
Dördüncüsü, ADU diplom çap edir ki, saxta diplom da verə bilə? Diplom Elm və Təhsil Nazirliyi tərəfindən tələbələrin adına, sayına qədər dəqiqliklə göndərilir və xüsusi nəzarət edilir. Bu qədər ağır böhtan atmaqmı olar?
İnsan alim olmazdan öncə işlədiyi yerin təəssübünü çəkməyi bacaran əxlaqlı vətəndaş olmalıdır. Ya o “fakt” vardısa, dərhal aradan qaldırılmalıydı, ya da məhz həmin vaxt istefa verib, ictimailəşdirməliydin.
Yox, Həbib Zərbəliyev yalnız o vaxt bunu “xatırlayır” ki, 2023-cü il professor seçkilərində ADU Elmi Şurası onu təsdiqləmir. İyunda keçirilən səsvermədə 17 üzvdən 15-nin səsini ala bilməyəndən sonra ADU-ya və Kamal Abdullaya qarşı böyük kampaniyaya başlayır.
Statuslarını izləyəndə nələr çıxır adamın qarşısına: deyir, İndoneziyaya ADU tərəfindən göndəriləndə pandemiyaya görə orada qaldım, ona görə aylıq maaşım kəsilmədi, bu, mənə yaxşılıq yox, haqqımdır.
Adamı alim sayıb, hörmət edib, İndoneziyaya elmi səfərə göndərən ADU, orda nəzərdə tutulandan aylarla çox qalmasına görə bütün xərcləri üzərinə götürən ADU – bu olur, professorun “halal haqqı”, ancaq digər alim bunəbənzər münasibət görəndə, olur “ölü can”?
Hələ fəxrlə tərcümeyi-halında yazdıqlarına baxaq: 2013-cü ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun nəşri olan “Türkologiya” jurnalının, 2018-ci ildən AMEA-nın Əlyazmalar İnstitutu və “Elm və təhsil” nəşriyyatının birgə nəşr etdiyi “Filologiya məsələləri” jurnalının idarə heyətinin üzvü, 2017–2019-cu illərdə Azərbaycan Dillər Universitetinin “Dil və ədəbiyyat” jurnalının baş redaktoru olub.
Diqqət edin: Kamal Abdulla AMEA-nın humanitar məsələlər üzrə akademik katibi olanda adam bu jurnalların idarə heyətinə salınıb və ADU rektoru olandan sonra (2017-ci ildə) Həbib Zərbəliyevə jurnal redaktorluğu həvalə edilib. Yəni birbaşa Kamal Abdullanın sayəsində.
“2013–2014-cü illərdə Həbib Zərbəliyev Azərbaycan Dillər Universiteti ilə bərabər, Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər bölməsində də çalışmış və Azərbaycan Respublikasının Prezidentinin 09 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” üzrə İşçi Qrupunun sədr müavini olmuş, həm də Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Monitorinq şöbəsinə, 2016–2017-ci illərdə Qafqaz Universitetində (2017-ci ildən Bakı Mühəndislik Universiteti) “Azərbaycan multikulturalizmi” elm-təhsil mərkəzinə rəhbərlik etmişdir. 2017–2019-cu illərdə Azərbaycan Dillər Universitetində həm də Elmi tədqiqatlar və nəşrlər şöbəsinin müdiri vəzifəsində çalışmışdır” – tərcümeyi-halında yazır.
Həmin illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər bölməsinin akademik katibi Kamal Abdulla idi və AMEA-nın humanitar sahə üzrə olan institutları ona tabe idi.
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” üzrə İşçi Qrupunun sədr müavini olub – Kamal Abdulla sədri idi!
“2016–2017-ci illərdə Qafqaz Universitetində (2017-ci ildən Bakı Mühəndislik Universiteti) “Azərbaycan multikulturalizmi” elm-təhsil mərkəzinə rəhbərlik edib – Kamal Abdulla həmin vaxt Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri idi.
Multikulturalizm və azərbaycançılıqla bağlı ideoloji işlərdə Kamal Abdullanın birbaşa xidməti və idarəetməsi indi də davam edir.
2017–2019-cu illərdə Azərbaycan Dillər Universitetində həm də Elmi tədqiqatlar və nəşrlər şöbəsinin müdiri vəzifəsində çalışıb – Kamal Abdulla təyin edib bu vəzifəyə də…
Adamın bütün tərcümeyi-halında Kamal Abdullanın möhürü var və 70 yaşında ADU-nun professoru vəzifəsinə təkrar seçilmədiyi üçün indi hər vasitəyə əl atıb, ömrü uzunu onu hər yerdə yanında gəzdirən böyük alimə qarşı kampaniya aparır.
Özü də etiraf edir, yazır ki, mənə Kamal Abdulla müəyyən “kiçik vəzifələr” verib, amma dost olduğumuza görə yox, işinə yaradığım üçün…
Adətən bu məqamda “Sözün bitdiyi yerdir!” deyirlər.
Ancaq sözümüz hələ bitməyib – sağ olsun Zərbəliyev, xeyli fürsətlər verib…