Nəhayət ki, illərdir həsrətində olduğumuz Zəngilan rayonunun giriş qapısı olan Ağalı kəndinə böyük qayıdış başladı. Nə xoş bizim halımıza ki, ilk olaraq köç məhz mənim dünyaya göz açdığım kəndə oldu.
Bu sözləri AzerTimes-a açıqlamasında Ağalı kənd sakini Elvin Əlizadə öz ata-baba yurdlarına qayıtması haqda təssüratlarını bölüşərkən deyib.
O bildirib ki, Ağıllı kənd layihəsinin təməlqoyma mərasimində cənab Prezident və ölkəmizin Birinci vitse-prezidenti ilə yanaşı Ağalı kənd sakinləri də iştirak edib:
“Tale elə gətirdi ki, görüş zamanı orada olanlardan biri də mən idim. Çox sevincli an idi. Çünki 30 ildən sonra ilk dəfə müqəddəs torpağımıza, öz doğma kəndimizə gedirdik. Mən kəndimizi tərk edəndə 7 aylıq idim. Zəngilanla bağlı heç bir xatirəm yoxdur. Nə bir şəkil, nə də video görüntü…
Biz bu günü çox gözlədik. Kəndimizdə əhalinin rahat yaşaması üçün bütün şərait yaradılıb. Bundan sonra Zəngilan daha da abadlaşacaq.
Bu gün zəngilanlılarla yanaşı Zəngilan özü də qürurlu, əlamətdar günlərini yaşayır və öz övladlarını qəbul edir.
İlk köçürülən 10 ailə arasında qohumlarımız çox idi. Mən və ailəm növbəti mərhələlərdə köçməyi səbirsizliklə gözləyirik.
Bu günə şükürlər olsun. Bizə bu günü yaşadanlara minnətdarıq! Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə minnətdarlıq edirik. Bütün bunların başında olan Ali Baş Komandanımız var olsun!”, – Ağalı kənd sakini deyib.