65 minlik maşınımı satıb ona verdim – Rəfael Cəbrayılovun qardaşı

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə dünyasını dəyişən sabiq
deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi
keçirilib.

Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin
sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Fikrət Məlikov
bildirib ki, kiçik bizneslə məşğuldur.

“Rafael Cəbrayılov sotu 120 min manata 2 hektar torpaq satırdı.
Məndən müştəri tapmağımı xahiş etdi. Mən də onu Anar adlı şəxslə
tanış elədim. Anara dedim ki, özəlləşmə məsələsinə özləri köməklik
edəcək”,- şahid bildirib.

Zərərçəkmiş Anar Şıxəliyev bildirib ki, aldığı torpağa və onun
özəlləşməsinə görə Rafael Cəbrayılova 240 min manat, qardaşı Rauf
Cəbrayılova isə 340 min manat verib. Amma bağlanan müqavilə hələ də
yarımçıq qalmış sayılır.

Şahid qismində ifadə verən mərhum deputatın qardaşı Elşən
Cəbrayılov isə deyib ki, 2002-2017-ci illərdə qardaşı
R.Cəbrayılovla tikinti işləri ilə məşğul olub.

“2017-ci illərdə Rafaellə münasibətlərimiz pisləşdi. Evlər kimə
verilirdi, borc pullar niyə alınır, bu kimi şeylər münasibətləri
pozdu. Axırda vəziyyət o həddə çatdı ki, son 1 obyekt qalmışdı.
Sonra məndən gecə ilə pul istədi. 65 minlik maşınımı 51 minə satıb
ona verdim, hətta evimi satdım, pulunu ona verdim. Təkcə bir bağ
evim var ki, o da bankda girovdadı. Deyirdim ay qardaş, bu pulları
neynirsən deyirdi ki, faiz götürmüşəm onları verməliyəm. Binanın
tikintisinə və bütün sənədləşmə işlərinə mən nəzarət edirdim. Pay
bölgüsü etməmişəm. Çünki Rafael nəzarət edirdi. Satılan mənzillərin
pullarını Rafael götürüb aparırdı”,- mərhum deputatın qardaşı
deyib.

Zərərçəkmiş Bəşir Məmmədov isə Elşən Cəbrayılova 115 min manat
verdiyini bildirib. E.Cəbrayılov onu tanımadığını deyib.

Məhkəmənin növbəti iclası martın 10-na təyin edilib.


Qeyd edək ki, qanuna görə, cinayət törətməkdə təqsirləndirilən
şəxsin ölməsi cinayət təqibini istisna edən hallardan biri
sayılır.

Qanunun tələbinə görə, həbsdə vəfat edən şəxsin cinayət işi üzrə
yaxınlarından bir nəfər hüquqi varis kimi tanınır. Vəfat edən şəxs
özünü təqsirli bilməyibsə, təyin olunan hüquqi varis onun əvəzinə
məhkəmədə iştirak edir. Məhkəmə vəfat edən şəxsin təqsirini sübuta
yetirsə, ona cəza təyin olunur, lakin təqsirləndirilən şəxsin ölümü
ilə bağlı cinayət işinə xitam verilir. Məhkəmədə təqsirləndirilən
şəxsin cinayət əməli sübut olunmasa, cinayət işinə bəraətverici
əsaslarla xitam verilməsinə dair qərar qəbul olunur.

Xatırladaq ki, Xatırladaq ki, Rəfael Cəbrayılov dələduzluda
təqsirli bilinib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan
tədbiri seçilib.

2005-2019-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinin
III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael
Kamil oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi
başlanıb.

İstintaqla Rafael Cəbrayılovun Azərbaycan Respublikasının Milli
Məclisinin deputatı olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə
mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə
çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər
məqsədlərlə yalan vədlər verərək cəmi 11 nəfər şəxsin ümumilikdə 2
milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə
ələ keçirməsinə, həmin hərəkətləri ilə də deputatının işgüzar
nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar dövlətin qanunla
qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən
edilib.
İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət
Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla
törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə-
ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilərək
məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və
cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə
göndərilib.

Məhkəmənin bir neçə prosesi davam edib. Bu il sentyabrın 30-da
R. Cəbrayılov koronavirusdan müalicə olunduğu Yeni Klinikada vəfat
edib.

Teqlər: