Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, narkotik
vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı
mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri
davam etdirilir.
AzerTimes xəbər verir ki, Dövlət
Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd
dəstəsinin əməkdaşlarının sayıqlığı nəticəsində 63 kq 305
qram narkotik vasitəyə və 1970 ədəd
psixotrop həblərə bənzər maddələrin İran İslam
Respublikasından Azərbaycan Respublikasına qanunsuz keçirilməsinin
qarşısı alınıb.
Belə ki, mart ayının 9-da saat 22:40 radələrində Dövlət Sərhəd
Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl
rayonunun Marallı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının
xidməti sahəsində 4 nəfər naməlum şəxsin İrandan Azərbaycan
istiqamətində hərəkəti sərhəd naryadı tərəfindən aşkar olunub.
Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazinin kolluq
və sıx qamışlıq olmasından istifadə edərək sərhəd pozucularından 1
nəfərin geriyə İİR istiqamətinə, digər 3 nəfərin isə Azərbaycan
tərəfə qaçmaları müşahidə olunub.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış,
ərazi qapadılmış, sərhəd pozucularının axtarışı üzrə
əməliyyat-qoşun tədbirləri həyata keçirilib.
Mart ayının 10-da saat 12:35 radələrində nəzarət altında
saxlanılan hadisənin baş verdiyi əraziyə gələn 1 nəfər şübhəli şəxs
geri qayıdarkən saxlanılıb. Onun Beyləqan rayonu 1-ci Şahsevən kənd
sakini 1982-ci il təvəllüdlü Abdullayev Mehman Əli oğlu olması
müəyyənləşdirilib.
Saxlanılan şəxsin əlindəki 3 kisəyə baxış zamanı içərisində
təxmini çəkisi 63 kq 305 qram narkotik vasitəyə
(35 kq 450 qram “heroin”, 14 kq 140 qram “metamfetamin”, 13 kq
66 qram “marixuana”, 55 qram “tiryək” və
1970 ədəd psixotrop həblərə
bənzər maddələr, eləcə də 6 şüşədə 10,5 litr “Çaykovski”
markalı spirtli içki aşkar olunaraq götürülüb.
Azərbaycan ərazisinə qaçmağa nail olmuş 3 nəfər sərhəd
pozucularının saxlanılması məqsədilə axtarış ərazisi müəyyən
edilmiş, pilotsuz uçuş aparatlarının tətbiqi, xidməti itlərin cəlb
edilməsi ilə xüsusi axtarış qruplarının həyata keçirdiyi intensiv
tədbirlər nəticəsində martın 11-də sərhəd pozucularının sərhədboyu
zolaqda qamışlıq sahədə gizləndiyi yer aşkarlanaraq
saxlanılıblar.
Qaçaqmalçıların İran İslam Respublikasının vətəndaşları –
1977-ci il təvəllüdlü Quluzadə Əkbər Hüseyn, 1980-ci il təvəllüdlü
Bagiri Malik Bəhrəm və 1998-ci il təvəllüdlü Əsədi Əli Əhsən
olmaları müəyyənləşdirilib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.