Artıq 600 manatlıq birdəfəlik müavinətin verilməsinə başlanılıb. Bu dəstək Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan güzəştlərdən biridir. Belə ki, Əmək Məcəlləsinə edilən dəyişikliklər ilə işğaldan azad olunan ərazilərmizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və eləcə də güzəştlərin tətbiqinə başlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə millət vəkili Vüqar vayramov bildirib.
O qeyd edib ki, işğaldan azad olunan ərazilərimizdə çalışan vətəndaşlarmıza aylıq vəzifə maaşına əlavələr hesablanmaqla yanaşı 600 manat birdəfəlik müavinət ödənilir. Onlar həmçinin hər il 5 gün əlavə məzuniyyət götürmək hüququna malik olacaqlar:
“600 manat birdəfəlik müavinət kimlərə şamil olunur?
Bu müavinəti peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən işçilər ala biləcəklər.
Necə müraciət etməli?
Prosesə məsul olan qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, DOST mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.
Hansı sənədlər tələb olunur?
Şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayət edir. Müavinət proaktiv qaydada təyin edilir.
Müraciətdən neçə gün sonra vəsait ödənilir?
Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 (on) gün müddətində baxılır və qərar qəbul edilir. Yəni müraciət edən şəxsin sözügedən müavinəti almaq hüququ varsa, ən geci 10 günə vəsait onun hesabına köçürüləcək”.