Başlıqda “oğlu” da yazmaq olardı – axı, bizim eldə “oğlansan, yoxsa qız” deyimi gözlənilən xəbərin müsbət və mənfi olmasının “anonsu” sayılır: “oğlan” dedisə, demək, adam getdiyi yerdən əlidolu gəlib, “qız” dedisə, əksinə…
Niyə “qız” bir yerdən əliboş gəlməyin sinonimi kimi işlənməlidir və bu, nə təfəkkürdür belə?
Halbuki, qızı olmayan heç bir kişi ata anlayışını ölüncə dərk edə bilməz.
Qız övladı – məsuliyyətdir, qürurdur, sevgidir və ailənin əsas bağıdır: ata üçün yaşayanda qayğı-sevgi verən də, öləndə arxasıyca göz yaşı tökən də qız övladıdır.
Qız övladı olmayan evin dini-bərəkəti də olmaz!
Bax, buna görə Mir Şahinin Real TV-si haqda “qız övladı” daha çox yerinə düşür.
Mir Şahin gəncliyində “oğul atası” idi: ona görə hətta gənc, təcrübəsiz milli ordumuz – özünümüdafiə dəstələri haqda ən sərt tənqidlərini səsləndirə bilirdi; hətta geri qayıdarkən idarəetmədən çıxıb aşan tankı “Tankabənzər tankımız” deyə lağa qoymaqdan çəkinmirdi;
Mir Şahin “oğul atası” idi: meyxana yarışması keçirməyin qarşısını almaq üçün heç nə etmirdi;
Mir Şahin “oğul atası” idi: efirində bozbaş da bişirtdirirdi, hansısa küçənin lap dibindəki su çirkabına da enirdi, “içxəbər” adıyla ürəyi, beyini qoyub, bağırsaqları da göstərə bilirdi…
Mir Şahin “oğul atası” olanda onlayn media ilə məhkəmə dilində danışmaqdan da çəkinmirdi – gözünün önündə boyu boyuna, yaşı iş təcrübəsinə çatan “oğul” böyütmüşdü axı;
Mir Şahin “oğul atası” idi – “oğul hər şey edə bilər” düşüncəsiylə hərəkət edirdi.
Amma günlərin birində – yəni 2016-cı ildə ayıldı ki, “oğul” artıq yoxdur, özünü heç nəyə – bəlkə də bir iddiaya qurban verib.
Mir Şahin ahıl yaşında anladı ki, Öz Övladı olmalıdır, həm də qız…
Real TV ona görə şoudan uzaqdır, efirində ailə məsələlərinin alt və abırsız-əxlaqsız tərəfləri “təhlil edilmir”!
Real TV artıq “evi” – ölkəni namusu kimi qorumaq üçün gecə-gündüz savaşır.
Mir Şahin ahıl yaşında ona görə jurnalistikadan səngərə girib: evini qoruyur – axı, evdə “qız uşağı” var!
Qız – ailə dəyəridir, əxlaqdır, evdir, ölkədir, dövlətdir. Dövləti əlində silah sərhəddə qorumaq lazımdır.
Həm də yaxşı təhsil vermək lazımdır – təhsilsiz, meyxana ilə böyüyən gəncin axırının necə olduğunu Mir Şahindən yaxşı bilən yoxdur.
Qoy, Mir Şahinin bu il orta məktəbə qədəm qoyacaq “Real”ı CaNaN yox, CNN-lə müqayisə edilsin!