6 partiyanın milli maraqlar naminə YAP-a qoşulması yeni siyasi həmrəylik modeli oldu – Pərvin Kərimzadə

Müstəqil Azərbaycan dövlətinin qurulmasında, sabitliyi və inkişafı istiqamətində böyük işlərə imza atan Yeni Azərbaycan Partiyası bu gün xalqın etimadını qazanan siyasi təşklatdır.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.

Millət vəkili qeyd edib ki, partiyanın sıralarının gündən-günə artması Azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyasının nüfuzunun göstəricisidir. Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən Azərbaycan dövlətçiliyinə, milli maraqlara xidmət edib, ölkəmizin siyasi həyatinda milli maraqların təbliğində müstəsna rol oynayıb, Ümummilli lider Heydər Əliyev ideyalarının daşıyıcısına çevrilib.

44 günlük Vətən müharibəsi dönəmində milli birlik modelini dünyaya nümayiş etdirən Azərbaycanın siyasi həyatında hakim partiya tamamilə yeni bir strategiyanın – siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsasını qoydu.

Ölkənin ən müxtəlif spektrini əhatə edən 6 siyasi təşkilatın – Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyasının vahid platforma ətrafında vahid təşkilatda – Yeni Azərbaycan Partiyasında birləşməsi ölkəmizin siyasi dialoq mühitinin dərinləşməsində, demokratik ənənələrin şaxələnməsində yeni səhifələrin yazılacağını xəbər verir.

Ölkə Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır. 6 siyasi partiyanın hakim partiyaya qoşulması Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsinə çevrildi.

Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı yekun nitqində bir neçə partiyanın hakim partiya ilə birləşməsini müsbət qiymətləndirib və bildirib ki, bu da çox önəmli, əlamətdar hadisədir. Bu da siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda, göstərir ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir.

Hakim partiyanın və 6 siyasi partiyanın milli birliyə yönələn vahid partiyada birləşmək qərarı milli birliyimizə, həmrəyliyimizin sarsılmazlığına, sağlam dialoqa xidmət edən siyasi islahatların uğurlu davamıdır. Məhdud resurslara malik olan partiyaların kifayət qədər qüvvətli siyasi partiyaya qoşulması ölkədə yeni siyasi mənzərənin yaranmasına səbəb olmaqla yanaşı, həmin partiyanın üzvləri üçün yeni imkanlar yaradacaq.

Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyən siyasi partiyaların milli birliyinin 44 günlük Vətən müharibəsindən sonra da davam etməsi ölkədə yeni siyasi mühitin formalaşdığının, milli və siyasi həmrəyliyin parlaq göstəricisidir.

Teqlər: