580 min manatı Rəfael Cəbrayılova verəndə şübhələndim – Zərərçəkmiş

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə dünyasını dəyişən sabiq
deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi davam
etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə
keçirilən prosesdə zərərçəkmiş Kəmalə Şıxəliyevanın istintaqda
verdiyi ifadəsi elan olunarkən məlum olub ki, ona 300 min dollar
ziyan dəyib.

İclasda vəkillər zərərçəkmişin məhkəməyə gəlməməsinə etiraz
ediblər. Müdafiəçilərin sözlərinə görə, Kəmalə Şıxəliyeva digər
zərərçəkmişləri də Rafael Cəbrayılovla tanış edib və cinayət işində
ən mühüm zərərçəkmiş şəxsdir.

İclasda şahid qismində dindirilən Rafael Cəbrayılovun Milli
Məclisdə deputat olan vaxt köməkçisi işləmiş Faiq Bayramov Rafael
Cəbrayılov ilə bir xanım arasında yaranmış problemli məsələdən
xəbərdar olduğunu deyib.

“2015-ci ildə Milli Məclisə deputat seçkiləri zamanı sosial
şəbəkələrdə məlumat yayılmışdı ki, Rafael Cəbrayılov insanları
aldadır, onlardan pul alıb qaytarmır. Onun digər işləri ilə bağlı
məlumatım yoxdur, mən sadəcə Milli Məclisdə köməkçisi idim”,- şahid
bildirib.

Daha sonra iclasda ifadə verən zərərçəkmiş Kəmalə Şıxəliyeva
deyib ki, torpaq sahəsi alarkən Rafael Cəbrayılovdan
şübhələnib:

“Torpaq sahəsinin alınması üçün Rafaellə oğlum görüşdü. 340 min
bir, 240 min manat da bir verdik. Açığı pulu ödəyəndə mən
şübhələndim, amma oğlum dedi ki, narahat olma, deputat adamdır,
başqa söhbət ola bilməz”.

Proses aprelin 14-də davam etdiriləcək.

Qeyd edək ki, qanuna görə, cinayət törətməkdə təqsirləndirilən
şəxsin ölməsi cinayət təqibini istisna edən hallardan biri
sayılır.

Qanunun tələbinə görə, həbsdə vəfat edən şəxsin cinayət işi üzrə
yaxınlarından bir nəfər hüquqi varis kimi tanınır. Vəfat edən şəxs
özünü təqsirli bilməyibsə, təyin olunan hüquqi varis onun əvəzinə
məhkəmədə iştirak edir. Məhkəmə vəfat edən şəxsin təqsirini sübuta
yetirsə, ona cəza təyin olunur, lakin təqsirləndirilən şəxsin ölümü
ilə bağlı cinayət işinə xitam verilir. Məhkəmədə təqsirləndirilən
şəxsin cinayət əməli sübut olunmasa, cinayət işinə bəraətverici
əsaslarla xitam verilməsinə dair qərar qəbul olunur.

Xatırladaq ki, Xatırladaq ki, Rəfael Cəbrayılov dələduzluda
təqsirli bilinib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan
tədbiri seçilib.

2005-2019-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinin
III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael
Kamil oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi
başlanıb.

İstintaqla Rafael Cəbrayılovun Azərbaycan Respublikasının Milli
Məclisinin deputatı olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə
mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə
çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər
məqsədlərlə yalan vədlər verərək cəmi 11 nəfər şəxsin ümumilikdə 2
milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə
ələ keçirməsinə, həmin hərəkətləri ilə də deputatının işgüzar
nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar dövlətin qanunla
qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən
edilib.
İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət
Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla
törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə-
ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilərək
məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və
cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə
göndərilib.

Məhkəmənin bir neçə prosesi davam edib. Bu il sentyabrın 30-da
R. Cəbrayılov koronavirusdan müalicə olunduğu Yeni Klinikada vəfat
edib.

Teqlər: