Formula-1 çox populyar yarışdı, dünyada 500 milyon nəfərə yaxın azarkeşi var. Deməli, ölkələr üçün tanınmağın artmasına yaxşı şərait yaradır. Doğru siyasətlə bu tanıtım maddiləşməlidir – turizm artır, hər turist bizim kimi ölkələrdə ortalama həftəyə ən azı 500 dollar xərcləyir, bu vəsait biznesə gəlir kimi daxil olur, biznesin vergi öhdəliyi artır və büdcə də qazanır.
AzerTimes xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, Azərbaycanın Formula-1-dən qazanc əldə etməməsinin səbəbi turizmə yaranan əngəldir:
“Bizdə turizmin qarşısında ən böyük sədd AZAL-dır, belə yüksək bilet qiymətləri turizmin qənimidir, həm də ona görə Formula-1-in effektini görmürük”.
Ekspertin fikrincə, əhali və biznes Formula-1-in xeyirini görə bilmir, yalnız yolların bağlanması səbəbindən tıxaclarda qalıb, “əziyyətini” dadır. Buna görə də Formula-1 kimi məşhur yarışa Bakıda mənfi münasibət formalaşıb.