5 türk ölkəsi bu dəhliz üçün birləşdi

5 türk ölkəsi bu dəhliz üçün birləşdi

2022-ci il noyabrın 11-də Səmərqənddə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan hökumətləri Orta Dəhliz boyu gömrük prosedurlarının sadələşdirilməsi haqqında saziş imzalamışdı. Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstan bu sazişi hələ 2023-cü ildə ratifikasiya etmişdilər, TDT ölkəsindən yalnız Qazaxıstan qalmışdı ki, o da bu həftə sadələşdirilmiş gömrük dəhlizinə qoşulmağı təsdiqləyib.

AzerTimes xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

“TDT Orta Dəhliz boyu gömrük prosedurlarını sadələşdirir – bu isə o deməkdir ki, Şərq-Qərb-Şərq dəhlizi üzrə “yaşıl koridorlar”, vahid tranzit tarifləri olacaq. Bu gün Orta Dəhlizin ən böyük rəqibi Rusiya-Belarus üzərindən keçən dəmir yolu xəttidir. Qərb-Rusiya qarşıdurmasına baxmayaraq, bu yolla, məsələn, ötən il 56,7 milyard dollarlıq yük daşınıb. Amma ciddi problemlər də yaranıb: əsas problem odur ki, Qərb sığorta şırkətləri Rusiyadan keçən yüklərin sığortasından imtina edirlər, dolayı sanksiyalarla üzləşməkdən çəkinirlər. Deməli, Rusiya yoluna alternativ ola biləcək Orta Dəhliz layihəsini sürətlə reallaşdırmaq lazımdır. Çünki Qərb-Rusiya qarşıdurması hələ onillər davam edəcək, indi məqamdır, Rusiya üzərindən keçən yüklərin, heç olmasa, 25-30%-i cəlb edə bilsək, ciddi iş olacaq,”- o vurğulayıb.

Ekspert xatırladıb ki, Azərbaycan Dəmir Yolları QSC-nin bu ilin 4 ayı ərzində Orta Dəhlizlə yük daşımalarının həcmi ötən illə müqayisədə 35% artıb, Çinin Sian şəhərindən bu dəhlizlə ümumilikdə 60 blok qatar yola salınıb:

“Bu yaxınlarda aparılmış yenidənqurma işlərindən sonra Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə daşımalar bərpa edilib və onun yükburaxma qabiliyyəti illik 5 milyon tona çatdırılıb – bütün bunlar yaxşıdır, amma azdır. Tək ADY yox, bütün dövlət qurumları sinxron işləməlidir, əsas məsələ də Gömrük Komitəsinin işidir, əgər onlar işə yanaşmalarını dəyişməsələr, uğurlu nəticə əldə etmək çətin olacaq.

Azərbaycan Türk Dövlətləri Təşkilatının açar ölkəsi, Orta Dəhlizin (Şərq-Qərb-Şərq) qapısıdır”.

Teqlər: