Xəbər - Samir Əli – Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alan və vəzifə saxtakarlığında ittiham edilən Katib Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
AzerTimes-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə K.Məmmədov 10 il azadlıqdan məhrum edilib.
İttihama görə, K.Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 5 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının sədri olarkən vətəndaşdan 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi müqabilində 2020-ci ilin avqust ayında 3000 manat məbləğdə pul vəsaitini rüşvət qismində istəyib, 2 sentyabr 2020-ci il tarixdə işlədiyi müəssisənin inzibati binasında həmin pulun 2300 manat olan hissəsini rüşvət qismində alıb.
Ona qarşı Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.