5-ci İslam Həmrəyliyi Oyunlarına hazırlıq prosesi ilə tanışlıq görüşləri yekunlaşıb (FOTO)

İHİF Nəzarət və Koordinasiya Komitəsi ilə 5-ci İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi arasında Türkiyənin Konya şəhərində yarışlara hazırlıq prosesi ilə tanış olmaq məqsədilə təşkil olunan toplantılar başa çatıb.

Qeyd edək ki, İHİF Nəzarət və Koordinasiya Komitəsinin üzvü Könül Nurullayevanın iştirakı ilə keçirilən görüşlər zamanı oyunların ümumi reqlament və texniki kitabçasının yekun versiyası, oyunların talismanı, keçirilməsi planlaşdırılan 25 idman növünün proqramı, Təşkilat Komitəsinin fəaliyyət planı, marketinq və televiziya yayımı və s. bu kimi bir sıra mühüm məsələlər müzakirə edilib.

Eyni zamanda qonaqlar gələn ilin 9-18 avqust tarixlərində keçirilməsi planlaşdırılan oyunların rəsmi internet veb-saytı və sosial media hesablarının yaxın günlərdə fəaliyyətə başlayacağı barədə məlumatlandırılıb. Daha sonra şəhərdə görülən hazırlıq işləri ilə yaxından tanış olmaq məqsədilə yeni salınan Atletlər kəndi, o cümlədən Konya Böyükşəhər Bələdiyyə Stadionu, Səlcuq Universiteti 15 İyul Stadionu, Səlcuq Universiteti 19 May İdman Salonu, Ələddin İdman Salonu, Konya Texniki Universitetinin İdman Salonu, Səlcuqlu Bələdiyyəsi İdman Salonu, “Cümhuriyyət” futbol meydanı, Karatay İdman və Konqres Mərkəzi, Atıcılıq sahəsi, “Saracoğlu” idman meydanı, Atletika sahəsi, Gimnastika salonu, Olimpiya Üzgüçülük Havuzu, “Grand Millenium” Mərkəzi, Veledrom, Karatay Gənclik Mərkəzi, Selçuklu Konqres Mərkəzi daxil olmaqla “Konya 2021” Oyunlarının keçiriləcəyi bir neçə məkan və təsislərə baxış keçirilib. Nəzərinizə çatdıraq ki, idmançılar kikboksinq, velosiped, stolüstü tennis, para stolüstü tennis, voleybol, 3×3 basketbol, cüdo, güləş, ağırlıqqaldırma, həndbol, taekvondo, karate, kamandan oxatma, para kamandan oxatma, badminton, qılıncoynatma, atletika, para atletika, üzgüçülük, para üzgüçülük, gimnastika, futbol, ənənəvi türk kamandan oxatması və boccia kimi 25 idman növü üzrə mübarizə aparacaqlar.

Teqlər: