Martın 16-da Azərbaycan Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılan Komissiyanın növbəti iclası keçirilib.
AzerTimes-ın xəbərinə görə, komissiya qarşısında qoyulan vəzifələrin icra vəziyyəti barədə danışan sədr, maliyyə naziri Samir Şərifov bildirib ki, müvafiq meyarlara uyğun olan hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması prosesi uğurla davam edir, bu tədbirlərin həyata keçirilməsi üçün hər il dövlət büdcəsinin imkanları daxilində müvafiq məbləğdə vəsait ayrılır.
O qeyd edib ki, indiyədək komissiya tərəfindən mənzil növbəsinə qəbul edilmiş hərbi qulluqçuların sayı 5471 nəfər təşkil edib. Onlardan 2712 hərbi qulluqçu Bakı şəhərində və ölkənin müxtəlif bölgələrində mənzillərlə təmin olunublar.
Komissiyanın iclasında sözügedən fərmanın icrası olaraq mənzil növbəsinə qəbul edilən hərbi qulluqçuların 461 nəfərinə Bakı və Sumqayıt şəhələrində, habelə Naxçıvan Muxtar Respublikasında tam təmirli mənzillərin verilməsi barədə qərar qəbul edilib.
Bununla yanaşı, Müdafiə Nazirliyi tərəfindən təqdim olunan siyahı əsasında növbəti 1461 nəfər hərbi qulluqçu mənzil növbəsinə alınıb. Beləliklə, bu günkü tarixə mənzil növbəsində olan hərbi qulluqçuların ümumi sayı 3759 nəfərə çatıb.
İclasda həmçinin, Komissiyanın fəaliyyətinə dair digər məsələlər baxılıb.
Qeyd edək ki, fərmana əsasən, Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunması nəzərdə tutulur.