Xəbər - Sədrəddin Ağcayev – Trend:
Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2020-ci ildə Azərbaycanda 450-yə yaxın qadın sahibkarı güzəştli kreditlərlə təmin edib.
Trend-in məlumatına görə, bunu AKİA-nın idarə heyəti sədrinin müavini Leyla Məmmədova cümə günü “Qadınların Azərbaycanın kənd təsərrüfatında rolu” adlı konfrans zamanı deyib.
O bildirib ki, ötən il Agentlik 500 fiziki və hüquqi şəxsə güzəştli kredit təqdim edib ki, onlardan 450-yə yaxını qadın sahibkardır:
“Orta hesabla agentliyimizin layihələrinin iştirakçılarının 50-60 faizi qadındır. Hazırda AKİA-nın aqrar layihələrində 300-dən çox qadın fəal iştirak edir. Eyni zamanda biz kənd təsərrüfatı sahəsində qadınların rolunun gücləndirilməsi üçün regional səviyyədə müxtəlif treyninqlər keçiririk”.
Qeyd edək ki, konfrans USAID tərəfindən Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə təşkil edilib.
(Tərcümə: Orxan Nəbiyev)