Xəbər - Samir Əli – Trend:
Kənd Təsərrüfatı Nazirliyi 2020-ci ilin payızlıq əkinlərinə görə fermerlərə subsidiya ödənişlərini davam etdirir. Monitorinq nəticələrinə uyğun olaraq müraciətləri təsdiqlənmiş daha 45,348 fermerə əkin subsidiyası ödənilib.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, müvafiq dövrdə payızlıq əkinlərə görə subsidiya almış fermerlərin sayı 227998 nəfərə çatıb.
Ümumilikdə 335 min nəfərdən artıq fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 2020-ci il üzrə payızlıq əkinləri bəyan edib. Fermerlərin əkin bəyanları təlimatlara uyğun olaraq yoxlanıldıqca, subsidiya ödənişləri həyata keçirilir.
AKİA-dan bildirilib ki, subsidiya qaydalarına uyğun olaraq, ödənişlər fermer kartlarına 25% nağdlaşdırıla bilən və 75% nağdsız hissə şəklində ödənilib. Fermerlər subsidiyanın nağdlaşdırıla bilinməyən hissəsi ilə gübrə, pestisid, toxum və ting təchizatçılarından təsərrüfatlarına lazım olan məhsulları POS-terminal vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. Subsidiya qaydalarında edilmiş son dəyişikliyə görə, fermerlər təsərrüfatları üçün gübrənin tam dəyərini “Fermer kartı” ilə nağdsız ödəmək imkanı qazanıblar.