4 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu

Xəbər - Elçin Mehdiyev – Trend:

Aprelin 5-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn formatda iclası keçirilib. İclasda qanunvericilikdə dəyişikliklərlə bağlı 4 qanun layihəsinə baxılıb.

AzerTimes-ın məlumatına görə, iclası açan Milli Məclis Sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəlikdəki “Prokurorluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) iki məsələnin bir-birilə bağlı olduğunu bildirib.

Hər iki qanun layihəsini təqdim edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi Təminat və İnsan Hüquqları Məsələləri İdarəsinin rəisi Aynur Osmanova dəyişikliklərin ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının qanunvericilik bazasının möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb. Bildirib ki, qanunlara ediləcək bu dəyişikliklər prokurorluq orqanlarının maddi-texniki bazasının artırılmasına, işçilərin maddi təminatının yaxşılaşdırılmasına, peşəkarlığının yüksəldilməsinə yönəldilib. O, layihələrdə irəli sürülən stimullaşdırıcı tədbirlərin həm beynəlxalq, həm də Azərbaycan təcrübəsində mövcud olduğunu, hazırda qəbul edilmiş dövlət proqramı və strategiyalarında nəzərdə tutulduğunu qeyd edib.

Çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, komitə üzvləri Tahir Kərimli, Nizami Səfərov və Elşən Musayev qanun layihələri ilə bağlı fikirlərini səsləndiriblər və müzakirələrin sonunda hər iki məsələ birinci oxunuşda Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

Sonra “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi barədə (ikinci oxunuş) məsələyə baxılıb. Komitə üzvü Kamal Cəfərov məlumat verib ki, qanun layihəsi kənd təsərrüfatı sahəsində subsidiyaların verilməsi sahəsində korrupsiya hallarının və dövlət tərəfindən aqrar sektora əvəzsiz olaraq ayrılan maliyyə vəsaitlərinin təyinatına uyğun istifadə edilməməsinin qarşısını almaq üçün nəzərdə tutulub. Komitə qanun layihəsini ikinci oxunuşda parlamentin plenar iclasına tövsiyə edib.

Gündəliyin dördüncü məsələsi – “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (üçüncü oxunuş) komitə sədri Əli Hüseynli məlumat verib. Təqdim olunan qanun layihəsinin 2019-cu il noyabrın 29-da Vergi Məcəlləsində edilən dəyişikliyə uyğunlaşdırma xarakteri daşıdığını deyən komitə sədri bununla qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borclarını ödəyə bilməyən sahibkarlara dövlətin maliyyə amnistiyası verdiyini bildirib. Sonra qanun layihəsi üçüncü oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında komitə sədrinin müavini Qüdrət Həsənquliyev, üzvləri – Fəzail Ağamalı, Əminə Ağazadə, Sabir Hacıyev, Nurlan Həsənov, Vüqar İskəndərov, Erkin Qədirli, Azay Quliyev, Cəbi Quliyev, Bəhruz Məhərrəmov, Madər Musayev və digər rəsmi şəxslər də iştirak edib.

Teqlər: