4 ölkə İranı məhkəməyə verdi: tələbləri…

4 ölkə İranı məhkəməyə verdi: tələbləri…

Bu yaxınlarda dörd ölkə – Kanada, Ukrayna, İsveç və Böyük Britaniya Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edərək, İrana qarşı şikayətçi olublar. Onlar beynəlxalq qurumdan İranın mülki aviasiyanın təhlükəsizliyini təmin etmək öhdəliyini pozması faktının araşdırılmasını istəyib.

Bu sözləri AzerTimes-a beynəlxalq hüquq üzrə baş ekspert, güneyli hüquqşünas Sina Yusifi İran tərəfindən PS725 Ukrayna təyyarəsinin qəsdən vurulması hadisəsinə görə başlayan beynəlxalq məhkəmə prosesindən danışarkən deyib.

Onun sözlərinə görə, arbitraj məhkəməsində razılıq əldə olunmadığından məsələyə Beynəlxalq Ədalət Məhkəməsində baxılacaq:

“İşi Beynəlxalq Ədalət Məhkəməsinə qaldıran dörd ölkə Monreal Konvensiyasına qoşulan və bu Konvensiyanın 14-cü maddəsinə əsasən Məhkəmənin yurisdiksiyasını qəbul edən ölkələrdir. Ukrayna konvensiyanın 14-cü maddəsinin ikinci bəndinə əsasən şərt hüququndan istifadə edib. Monreal Konvensiyasının 14-cü maddəsinə əsasən, iki və ya daha çox razılığa gələn dövlət arasında bu konvensiyanın təfsiri və ya həyata keçirilməsi ilə bağlı danışıqlar yolu ilə həll edilə bilməyən mübahisələr həmin dövlətlərdən hər hansı birinin tələbi əsasında arbitraj məhkəməsinə verilir. Əgər altı ay müddətində tərəflər arbitrajın təşkili ilə bağlı razılığa gələ bilməzsə, onlardan hər biri işi Beynəlxalq Məhkəməyə verə bilər.

Hazırda məhkəmə mübahisəyə baxır. Məhkəmə Beynəlxalq öhdəliyin pozulmasına görə ödənilməli olan kompensasiyanın növü və məbləği ilə bağlı qərar verməli olacaq”.

Vəkilin sözlərinə gərə, təyyarə qəzasında həyatını itirən şəxslərin ailələri də ədalət axtarışındadır və onlar İranda keçirilən məhkəmə prosesindən narazı qalmışdılar:

“İran İslam Respublikası hər zaman məhkəmə sistemindən repressiya aləti kimi istifadə edib. Bu səbəbdən də zərərçəkmişlər Tehran hakimiyyətinin səlahiyyət və qanuniliyini tanımır, onun atdığı addımlara heç bir etimad göstərmirlər. 176 sərnişinin ölümünə səbəb olan PS725 təyyarəsinin “Tor M-1” hava hücumundan müdafiə sistemi tərəfindən vurulması ilə bağlı hərbi məhkəmə real ittiham irəli sürülmədən hökm çıxarmağa davam etdi. İstintaq nöqsanları ilə bağlı zərərçəkmişlərin etirazı nəzərə alınmadı. Bu iş üzrə ekspertlərin əksəriyyəti təyyarənin vurulmasında şübhəli hesab edilən SEPAH üzvləri idi. İşdəki iddiaçıların əksəriyyəti şikayətlərini geri götürməyə məcbur oldu. Şikayətçilər məhkəməni səriştəsiz adlandırdılar və bəyanat verərək iddianı beynəlxalq forumlarda, məhkəmələrdə davam etdirəcəklərini bildirdilər”.

Teqlər: