Xəbər - Samir Əli – Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək, dörd nəfərin ölümünə səbəb olan iş adamı, “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
AzerTimes-ın məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib.
İttihamda göstərilib ki, 14 iyun 2021-ci ildə Binəqədi rayonunun Novxanı bağlar sahəsində E.Kəlbəliyev sərxoş vəziyyətdə idarə etdiyi “Range Rover” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Yorğun və əzgin vəziyyətdə qaydalara əməl etməyərək qarşısını almaq imkanı olduğu halda sağlamlığa ağır zərər vurmaqla və avtomobilə maddi ziyan vurmaqla Cinayət Məcəlləsinin 263.1.4-cü maddəsinin tələblərini pozub.
Elşad Kəlbəliyev ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib.
Tərəflər əvvəlcə zərərçəkmiş şəxslərin hüquqi varislərinin dindirilməsi barədə razılığa gəliblər.
Növbəti məhkəmə baxışı noyabrın 5-nə təyin olunub.
Qeyd edək ki, bu il iyunun 14-də gecə saat 1 radələrində Binəqədi rayonunun Novxanı bağlar sahəsində Abşeron rayon sakini E.Kəlbəliyevin idarə etdiyi “Range Rover” və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər toqquşub. Nəticədə M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb, E.Kəlbəliyevə və sərnişini Ə.Əliyevə xəstəxanada tibbi yardım göstərilib.
Daha sonra E.Kəlbəliyev hadisə ilə bağlı istintaqa cəlb edilərək həbs olunub.
Xatırladaq ki, E.Kəlbəliyev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir. O, “Qurtuluş 93”də satış müdiri vəzifəsində çalışıb və “Əlincə” futbol klubunun prezidenti olub.