Bakı Ağır Cinayətlər Məhkəməsində Novxanı-Sumqayıt yolunda
avtomobillə qəza törədək dörd nəfərin ölümünə səbəb olan iş adamı,
“Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevin cinayət işi
üzrə məhkəmə prosesi davam etdirilib.
AzerTimes-ın məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı
edib.
Vəkil bildirib ki, Elşad Kəlbəliyev hadisəni tördərkən sərxoş
olmayıb.
Amma istintaq materialında göstərilib ki, guya Elşad həmin vaxt
sərxoş olub. Hadisədən bir neçə saat sonra Elşad Kəlbəliyev
ekspertizaya göndərilib və onun qanında spirtli maddə aşkar
edilməyib. “Xüsusilə nəzərə alınmalıdır ki, E.Kəlbəliyevdən qan və
digər analizlər dərhal götürülüb”.
Prosesdə son söz deyən E.Kəlbəliyev də məhkəmədən ədalətli qərar
qəbul etməyi istəyib.
Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü
ilə E.Kəlbəliyev 2 il nəqliyyat iddarə etmək qadağan olunmaqla 9 il
azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror çıxışında E.Kəlbəliyevin 9 il müddətinə
azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, bu il iyunun 14-də gecə saat 1 radələrində
Binəqədi rayonunun Novxanı bağlar sahəsində Abşeron rayon sakini
E.Kəlbəliyevin idarə etdiyi “Range Rover” və Bakı şəhər sakini
Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər
toqquşub. Nəticədə M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri
Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis
Mürsəlov hadisə yerində ölüb, E.Kəlbəliyev və sərnişini Ə.Əliyevə
xəstəxanada tibbi yardım göstərilib.
Daha sonra E.Kəlbəliyev hadisə ilə bağlı istintaqa cəlb edilərək
həbs olunub.
Xatırladaq ki, E.Kəlbəliyev “Qurtuluş 93” yaşayış kompleksinin
sahibi Məhərrəm Novruzovun kürəkənidir. O, “Qurtuluş 93”də satış
müdiri vəzifəsində çalışıb və “Əlincə” futbol klubunun prezidenti
olub.