4 ay öncə general olan rəis niyə işdən çıxarıldı? – Detallar

4 ay öncə general olan rəis niyə işdən çıxarıldı? – Detallar

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin rəisi, general-mayor Aqil Babayev DSX Akademiyasının rəisi vəzifəsindən azad edilib.

AzerTimes xəbər verir ki, Aqil Babayev bu vəzifəyə qədər Xudat sərhəd dəstəsinin rəisi olub. “İgidliyə görə”, “Vətən uğrunda” və digər bir sıra orden və medallarla təltif olunub. O, 17 avqust 2022-ci ildə (18 avqust Dövlət Sərhəd Xidməti günüdür – red.) general-mayor rütbəsi alıb. Məhz 4 ay öncə yüksək rütbə verilən şəxsin indi vəzifədən azad edilməsi hazırda müzakirə predmetidir.

Dövlət Sərhəd Xidməti Akademiyası haqda ilk insident bu ilin aprelində yayılmışdı. Belə ki, Akademiyanın 4-cü kursunda təhsil alan 2001-ci il təvəllüdlü kursant Murad Müslüm oğlu Nağıyev aprelin 13-də dünyasını dəyişmişdi.

DSX Akademiyası kursantın ölümü ilə bağlı yaydığı məlumatda bildirmişdi ki, o, 13 apreldə müalicə aldığı tibb müəssisəsində onkoloji xəstəlikdən dünyasını dəyişib.

Ancaq nə qədər qəribə də olsa, Hərbi Prokurorluğun hələ o zaman yaydığı məlumat diqqət çəkmişdi. Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev bildirmişdi:

“Daxil olmuş məlum məlumat əsasında Bakı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər zəruri hərəkətlər icra edilmişdir. Fakt üzrə Bakı Hərbi Prokurorluğunda başlanılan araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir”.

Maraqlıdır: xəstəxanada onkoloji xəstəlikdən dünyasını dəyişən kursantla bağlı Hərbi Prokurorluq əməkdaşları “hadisə yerinə” niyə baxış keçirir, iş üçün əhəmiyyət kəsb edən hansı predmetlər maddi sübut kimi götürülür, kimlərdən və niyə izahatlar alınır? Hər halda “hadisə yeri” xəstəxana çarpayısı, “maddi sübut” dərmanlar deyildi və həkimlərdən də izahat alınmamışdı. Əks halda “hadisə yerinə” hərbi prokurorlar deyil, məhkəmə-tibb ekspertləri gələrdi. Əgər hadisə yeri varsa, bu o deməkdir ki, ölüm hadisəsi müalicə müəssisəsində baş verməyib.

Məsələ də ondan ibarətdir ki, həmin ölümün DSX Akademiyasındakı kütləvi dava nəticəsində baş verdiyi haqda Akademiyanın rəsmi açıqlamasından öncə məlumat yayılmışdı. Bildirilirdi ki, kütləvi davada bir kursant ölüb, bir neçəsi yaralanıb. Ancaq DSX Akademiyasının yaydığı məlumatda kursantın “müalicə müəssisəsində” öldüyü iddia edilirdi ki, əslində bu iddia da Hərbi Prokurorluğun rəsmi açıqlaması ilə darmadağın olurdu.

Hərbi Prokurorluğun istintaqının nəticəsi haqda heç bir məlumat yayılmadı, ölümün dəqiq başvermə səbəbi, hadisə yeri, maddi sübutların aqibəti barədə də ictimaiyyət məlumatlandırılmadı. Ancaq şübhəsiz ki, ölüm faktı araşdırılıb və DSX Akademiyasının rəsmi qurumlar və ictimaiyyətə yalan açıqlama verməsi təsdiqlənib.

İkinci, ictimaiyyətə bəlli olan daha ciddi hadisə 6 dekabr 2022-ci ildə baş verdi. DSX Akademiyası yenidən gündəmə gəldi – bu dəfə yanğınla. Akademiyanın inzibati binasında irimiqyaslı yanğın baş verdi və ciddi ziyan dəydi. Yanğının miqyası kifayət qədər böyük idi – o qədər ki, hadisə yerinə DSX rəisi Elçin Quliyev şəxsən özü gəlmişdi.

DSX olayla bağlı yaydığı açıqlamada yanğın zamanı Akademiya binasının dam örtüyünün 50 kv.m hissəsinə ziyan dəydiyi, cəmi 3 nəfərin tüstüdən zəhərləndiyini bildirdi. Əlbəttə ki, DSX bu məlumatı Akademiyadan alaraq yaymışdı.

Ancaq bu məlumatın yayılan kimi həqiqəti əks etdirmədiyi üzə çıxdı. Belə ki, TƏBİB yanğın zamanı 14 nəfərin tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirildiyini bildirdi.

Yanğının nə qədər sahəni əhatə etdiyi barədə isə FHN yox, DSX Akademiyasının məlumat yayması da müzakirələr yaratdı. Belə ki, yanğının deyildiyi kimi, “dam örtüyünün 50 kv.m sahəsinə ziyan vurduğu” həddən artıq “yumşaldılmış” təsiri bağışlayırdı. Videolardan da aydın idi ki, yanğın daha geniş əraziyə yayılıb.

Bu isə DSX Akademiyası haqda növbəti mənfi təəssürat doğururdu.

Görünür, bütün bunlar və mediaya qapalı olan digər məlumatların nəticəsi olaraq DSX rəisi Elçin Quliyev Akademiya rəhbərliyinin dəyişdirilməsi üçün təqdimat hazırlayıb.

Teqlər: