37 şəhid övladı özəl məktəblərdə ödənişsiz təhsil alacaq (FOTO)

Xəbər - Samir Əli – Trend:

“YAŞAT” Fondu tərəfindən təhsil istiqaməti üzrə yeni tədris ilində 67 nəfər şəhid övladına dəstək göstərilib. Belə ki, 7 özəl təhsil müəssisəsi ilə yaradılmış əməkdaşlıq çərçivəsində imtahanda uğurlu nəticə əldə etmiş 37 şəhid övladı özəl təhsil müəssisələrində ödənişsiz kvota əsasında təhsil alacaq.

Fonddan AzerTimes-a verilən məlumata görə, eyni zamanda 7 şəhid övladı ödənişsiz kvota əsasında bağça və məktəbəqədər təhsil müəssisəsinə qəbul olunub. Bununla yanaşı özəl təhsil müəssisələrində ödənişli təhsil alacaq 30 şagirdin təhsil haqqı Fond tərəfindən qarşılanacaqdır.

“YAŞAT” Fondu tərəfindən reallaşdırılan xüsusi layihə çərçivəsində yeni tədris ilinin başlanması ilə əlaqədar bütün şəhidlərimizin məktəbli övladlarına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırılıb.

Hər bir hədiyyə qutusunda bir illik müddət üçün məktəbli ləvazimatları yer alıb.

Respublika ərazisini əhatə edən layihə çərçivəsində 800-dən çox hədiyyə qutusu hazırlanıb və aidiyyəti üzrə çatdırılıb.

Bundan başqa təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə bu günədək ali təhsil müəssisələrində təhsil alan 18 şəxsin təhsil haqqı Fond tərəfindən, 19 şəxsin təhsil haqqı isə Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən qarşılanıb.

Xatırladaq ki, 2021-2022-ci dərs ilində Bakı şəhəri və digər regionlar üzrə 83-ü oğlan, 77-i isə qız olmaqla, ümumilikdə 160 şəhid övladı birinci sinifə başlayır.

Teqlər: