325 şagird Respublika Fənn Olimpiadasının qalibi olub

Xəbər - Çingiz Səfərli – Trend:

Bu il keçirilən Respublika Fənn Olimpiadalarında 56 şagird qızıl, 116 şagird gümüş, 155 şagird isə bürünc medala layiq görülüb.

AzerTimes xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev Respublika Fənn Olimpiadası qaliblərinin mükafatlandırma mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, şagirdlərin yazı işlərinin nəticələrinə və münsiflər heyətinin qərarına əsasən hər bir fənn üzrə ən yaxşı nəticə göstərən bir şagird olmaqla ümumilikdə 8 nəfər olmaqla “Olimpiadanın birinciləri birincisi” naminasiyası üzrə qalib elan edilib:

“Bu gün qaliblərin 100-ü qız, 225-si oğlan şagirdlərdir. 140 şagird 11-ci, 82 şagird 10-cu, 90 şagird 9-cu, yaşlarının az olmasına baxmayaraq 9-cu siniflərlə birgə olimpiadaya qatılan rekord sayda 15 şagird 8-ci sinifdəndir. Bu gün 327 medal təqdim edəcəyik, amma bunlar 325 nəfərə veriləcək. Çünki 2 şagird iki müxtəlif fənn üzrə qalib olub. Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyinin 11-ci sinif şagirdi Amin Cəfərzadə riyaziyyat fənni üzrə qızıl, infotrmatika fənni üzrə isə bürünc medala layiq görülüb. Eyni liseyin 9-cu sinif şagirdi Fidan Qarayeva isə riyaziyyat fənni üzrə qızıl, informatika fənni üzrə gümüş medala layiq görülüb. Qaliblər 45 müxtəlif rayon və şəhərlərdən, 172 ümumtəhsil müəssisəsində oxuyan şagirdlərdir. Sevindirici xəbər odur ki, 49 qalib ölkənin müxtəlif kənd və qəsəbələrində təhsil alan şagirdlərdir”.

Teqlər: