31 Mart soyqırımı bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayətdir (FOTO)

Xətai Rayon
İcra
Hakimiyyətinin, Yeni
Azərbaycan Partiyası
(
YAP) Xətai
rayon
təşkilatının,
rayon ərazisində
yerləşən 171 və
257
saylı
məktəblərin
birgə
təşkilatçılığı
ilə Mart
soqyırımı
qurbanlarının
xatirəsinin
anım
tədbirləri
keçirilib

Martın 30-da Ədalət Abbasov adına 257, Zaur Məmmədov adına 171
nömrəli tam orta məktəblərdə Xətai Rayon İcra Hakimiyyətinin, Yeni
Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının, rayonun
ərazisində yerləşən 171 və 257 saylı məktəblərin birgə
təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə
əlaqədar anım tədbirləri keçirilib.

Tədbirlərdə Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri, YAP
Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin nümayəndəsi Roza Rüstəmova, Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, eləcə də
rayonda yerləşən 245 və 64 saylı məktəblərinin direktorları, Xətai
rayon Ağsaqqallar Şurasının sədr müavini Nizami Hüseynov və
başqaları iştirak ediblər.

İştirakçılar əvvəlcə 31 Mart soyqırımı qurbanlarının, 44 günlük
Vətən müharibəsində şəhid olanların xatirəsini bir dəqiqəlik
sükutla yad edib, onlara Allahdan rəhmət diləyiblər.

Tədbirlərdə çıxış edən 245 və 171 nömrəli məktəblərin tarix
müəllimləri Səbinə Məlikova, Ülvi Quliyev 31 mart 1918-ci ildə
azərbaycanlılara qarşı törədilmiş soyqırımı haqqında ətraflı
məlumat veriblər. Pedaqoqlar qeyd ediblər ki, 1918-ci ilin 30 mart
və 3 aprel tarixləri arasında Bakı şəhərində, Bakı quberniyasının
müxtəlif bölgələrində, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan,
Lənkəran və Azərbaycanın digər ərazilərində Bakı Soveti və
bolşevik-daşnak silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi
qırğın törədiblər: “Bolşevik-daşnak koalisiyası hazırladığı
təxribatları həyata keçirdi. Martın 30-da saat 16:40 radələrində
erməni kilsəsinin yanında toplaşan erməni daşnak dəstələri
müsəlmanlara atəş açdılar və soyqırımına başladılar. 1918-ci ildə
bolşevik qoşunları və silahlı erməni dəstələri Bakıda və
Azərbaycanın digər bökgələrində türk-müsəlman əhalisinə qarşı
görünməmiş vəhşiliklər törətdilər”.

Digər çıxışçılar da vurğulayıblar ki, xalqımıza qarşı tarixin
müxtəlif vaxtlarında soyqırımı törədən daşnakların 1918-ci ilin 31
martında rəvac verdikləri təxribat aktı o zamana qədər yaşananların
ən dəhşətlisi idi. Müxtəlif quberniyalarda törədilən soyqırımlar
zamanı Bakıda Təzəpir məscidinə ziyan vurulub, Şamaxıda isə
Qafqazın ən qədim ikinci məscidi olan Cümə məscidi orada toplaşan
müsəlmanlarla birlikdə yandırılıb.

XX əsrin əvvəllərində erməni millətçilərinin Bakıda və
Azərbaycanın digər bölgələrində dinc əhaliyə amansız divan
tutmalarından, tarixdə görünməmiş vəhşiliklər, talanlar
törətmələrindən danışılaraq bildirilib ki, erməni millətçiləri
“Daşnaksütyun” partiyasının proqramında irəli sürülən “böyük
Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətlərini
genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları
planlı surətdə əzəli yurdlarından qovmaqla etnik təmizləmə və
soyqırımı siyasətini həyata keçirməyə başladılar: “Belə ki,
1905-1906-cı illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda,
İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə,
Zəngəzurda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar
törədib, əhali amansızlıqla qətlə yetirilib, şəhər və kəndlər
yandırılıb və dağıdılıb, milli mədəniyyət abidələri məhv edilib.
Bütün bunlar tarixi həqiqətlər, faktlardır. Təkcə Bakıda 10 minə
yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd
dağıdılıb, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilib. Quba
ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115,
İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə-yeksan
olunub, əhali üzərində yaş və cinsinə məhəl qoymadan qətliam həyata
keçirilib”.

Çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə
qeyd edib ki, tarix real faktlara, həqiqətlərə əsaslanır:
“Ermənilər tarixin ayrı-ayrı dövrlərində havadarlarının dəstəyi ilə
azərbaycanlılara və türklərə qarşı soyqırımı siyasəti həyata
keçiriblər. Daşnakların xalqımıza qarşı törətdikləri 31 Mart
soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya
çatdırılması istiqamətində sistemli işə ümummilli lider Heydər
Əliyevin təşəbbüsü ilə başlanılıb. Belə ki, Ulu Öndər Azərbaycan
xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini beynəlxalq
aləmə çatdırmaq və xalqımızın yaddaşına həkk etdimək məqsədilə
1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında”
Fərman imzalamışdır. Bu sənəd erməni vəhşilikləri ilə bağlı
aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması
istiqamətində səylərin artırılmasına təkan verdi. Sözügedən
Fərmandan sonra araşdırmaların miqyası genişlənmiş, çoxlu əsərlər
yazılmış, kitablar çap edilmiş və bu nəşrlər müxtəlif dillərə
tərcümə olunmuşdur. Ötən illər ərzində aparılmış araşdırmalar
sayəsində bir çox yeni faktlar və sənədlər toplanmışdır. Quba
şəhərində aşkarlanan kütləvi məzarlıq ermənilərin əsl simasının
açılamasında böyük yardımçıdır. Üzə çıxmış tarixi faktlar 1918-ci
ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni
millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların
coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat
çox olduğunu sübuta yetirir”.

Vüqar Rəhimzadə vurğulayıb ki, bu gün tariximizin daha dərindən
öyrənilməsi, gələcək nəsillərə çatdırılması qarşıda dayanan əsas
vəzifələr sırasındadır: “Dövlət başçısı İlham Əliyev daim
çıxışlarında bu məqsədi açıqlayır ki, gənclərimiz milli ruhda
tərbiyə olunmalı, vətənpərvər olmalı, tariximizi yaxşı
öyrənməlidirlər. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün
istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin,
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan xalqının zəngin
tarixinin təbliği istiqamətində atdıqları addımların, həyata
keçirdikləri tədbirlərin miqyası olduqca genişdir. Prezident İlham
Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq
Cümhuriyyəti İli” elan edilməsi də bunun təsdiqidir. Bu fikir daim
önə çəkilir ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan və
gələcəyə böyük inamla addımlayan, eyni zamanda, tarixinə sahib
çıxan xalq məğlubedilməzdir. Azərbaycan xalqı yenilməzliyini,
məğrurluğunu, tarixinə sahib çıxan xalq olduğunu 44 günlük İkinci
Qarabağ müharibəsində bir daha sübut etdi”.

YAP Xətai rayon təşkilatının sədri belə tədbirlərin tariximizin
faciəli səhifələrinin bir daha yenidən vərəqlənməsində, bugünkü və
gələcək nəsillərin dolğun məlumatlar əldə etmələrində böyük
əhəmiyyəti olduğunu bildirib.

Xətai Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov çıxışında
bildirib ki, 104 il bundan öncə martın sonundan başlayaraq
Azərbaycanda ermənilər tərəfindən növbəti dəhşətli soyqırımı aktı
həyata keçirilib. Ermənilər 1918-ci il martın 31-dən başlayaraq
aprelin 3-dək qadın, qoca, azyaşlı demədən azərbaycanlıları ən
vəhşi üsullarla qətlə yetiriblər: “ Müstəqillik illərimizdə tarixçi
alimlərimizin də araşdırmaları nəticəsində çoxsaylı yeni faktlar və
sənədlər aşkarlanıb. Məsələn, Quba şəhərindəki kütləvi məzarlıq ən
böyük tarixi sübutdur. Üzə çıxmış tarixi faktlar sübut edir ki,
1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni
millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların
coğrafiyasının daha geniş, faciə qurbanlarının sayı isə qat-qat
artıqdır”.

Tədbirlərdə məktəblilərin ifasında erməni vəhşiliklərinə
şahidlik edən soyqırımı aktlarına həsr olunmuş şeirlər
səsləndirilib, həqiqətlərimizin təbliğinə yönələn səhnəciklər
təqdim olunub.

Teqlər: