31 ildən sonra Laçında: Bu binalar daha yoxdur… – Foto

31 ildən sonra Laçında: Bu binalar daha yoxdur… – Foto

Nənəmin (anamın) bir sözü vardı. Çətin bir iş asan düzələndə deyirdi – tapba kimi (yəni bir şey tapmaq) oldu. 44 günlük müharibənin mabədi olaraq Ağdamın, Kəlbəcərin, illahım da Laçının işğaldan azad olması tapba kimi oldu. Üstəlik də qansız, qadasız.

Laçından 1992-ci il mayın 17-si qaranlıqda çıxmışdım. Yadımdadı, həmin gün saat 5 radələrində şəhərə gedəndə Ağanusun başının üstündəki meşədən ermənilər Qubadlıya çıxan yolu vururdular. Xalam oğlunun “avtolavka”sında şəhərə girərkən maşının arxasından səs gəldi, səs həm də hərəkətdə olan maşını irəli təpdi. Biz Laçına tərəf getdikcə yol boyu meşədən açılan güllələr asfalta dəyib toz qaldırırdı. Bu yağış yağanda gölməçəyə düşən damcıdan suyun yuxarı sıçramasını xatırladırdı. Yolun kənarında üzü Qubadlıya bir neçə yük maşını, o cümlədən “Ural” maşını gülləbarandan yararsız hala düşüb qalmışdı. Biz “Poçtun arası”na çatanda əsgərlər “avtolavka”nın yük qapısında açılmış dəliyə baxıb dedilər:

– Allah üzünüzə baxıb, maşına qranatamyotun qəlpəsi dəyib, mərmi özü dəysə, indi yox idiniz!

Laçın işğaldan azad olandan sonra ziyarət üçün neçə dəfə cəhd etsəm də, alınmadı – bir dəfə 2021-ci ilin yazağzı şəhid Şahgündüz Cabbarovun atası şair Kamil Vəfadarla getdik, 3 gün Horadiz postunda qalıb geri qayıtdıq. Güləbirddən su içib qayıtmağa da icazə olmadı. Daha sonra keçən il Daxili İşlər Nazirliyinə müraciətimə mina təhlükəsiylə bağlı müsbət cavab verilmədi. Yetim quzu kimi onun-bunun üstünə qaça-qaça axırı usandım. Bir az da Laçından və bəxtimdən incidim ki, bir belə qəhrini çəkdiyin torpağın görüşünə getməyə Tanrı sənə fürsət vermir. El misalında deyildiyi kimi – yetim qızsan, qıvrıl yat! Əslən Laçından olmayan xeyli insan məndən Laçını soruşub getmədiyimi biləndə təəccüb edirdilər.

Yaxın günlərin birində bir nəfər mənə zəng edib dedi:

– Şair, bilirəm Laçına getməmisən, sənədlərinin surətini vatsapda at mənə.

Qulağıma inanmadım. Qəribə dolaşıq hisslər keçirməyə başladım. Nəfəsim daraldı. Adamın dediyi sənədləri (özümün və maşının) göndərdim. Aradan bir-iki gün keçdi, qulağım səsdədi ki, cavab gələcək. Bu arada Laçında Dığın düzündə döyüş oldu və 3 şəhid verdiyimizin xəbəri çıxdı. Bir tərəfdən şəhidlərimizə yandım, düzü, bir tərəfdən də bu aralıqda Laçında döyüş olmağına görə daha mənə icazə olacağından əlimi üzdüm. Bir neçə gün də keçəndən sonra həmin adam yenə zəng etdi ki, şair, hazır ol, icazə verilən kimi postlardan keçmək lazımdı. Dedilər gərək özünlə yatacaq mitil götürəsən, orda şərait yoxdu. Sabunçudakı dostlara dedim Laçına gedirəm, əsgərlərə baş çəkəcəm – Amasiyadan ehtiyatda olan polkovnik dostum Babək müəllim, Laçının Kamallı kəndindən Tofiq, Ağsudan Mahir mənim məsləhətimlə 25 kilo Udulu narı aldılar. Bu narın dənələri durna gözü kimi iri və şirəli olur. Marketlərdən biri (adlarının çəkilməsini istəmədilər) 60 manatlıq şirniyyat verdi. Müəllim işləyən qızım əsgərlərə sovqat üçün kartıma 50 manat köçürdü. Nigarın bu hərəkəti məni kövrəltdi. Nigarın simasında özümü gördüm və doluxsundum. Bu zaman Nigar zəng etdi:

– Ata, mənim puluma orda oruc tutan əsgərlərə xurma və su al apar!

Nigar su deyəndə gülmək məni tutdu. Uşaq telefonda çaş qaldı ki, atam nəyə gülür. Dedim, qızım, burdan Laçına su aparsam, orda mənə gülərlər…

Növbəti zəngdə dedilər ki, sabah qaranlıqda çıxırıq, Horadiz istiqamətindən Laçına gedəcəyik. Bütün hazırlığımı görüb girdim yatağa. Qədr gecəsi idi. Yoldaşım niyyət tutub oyaq qalmışdı, əlində Quran hədisləri oxuyurdu. Laçına gedəcəyim fikri bütün varlığımı oyaq saxlamışdı, səhərə qədər ilan vuran yatdı, mən yox. Bir an belə çimir etmədim. Sadəcə gözlərimi yummuşdum. Tezdən qaranlıqlı durdum ki, yola götürdüyüm çay termosumu da doldurublar. Allah verəndən yeyib dərmanlarımı da götürüb yola düşdüm. Bəhramtəpədə mənə icazə alan adamlarla görüşüb yola düşdük. Horadiz postunda yoxlamadan keçəndən təxminən 300-400 metr sonra yenidən Cəbrayıl postunda yoxladılar. Yolda çaşıb işğaldan azad oldu xəbərinə hönkür-hönkür ağladığım Cəbrayıla getdim. Cəbrayıl yolu təzə asfaltdı. Yol xətkeş kimidi. Əsgərlər dedi ki, bu yol Hadruta gedir, qayıdın Laçına köhnə yolla gedin.

Bir də 6 km geri qayıdıb köhnə daş yola düşdük. Bu istiqamətdə minik maşınını saatda 20 km-dən artıq sürmək mümkün deyil. Yol maşını tamam şalaxladır. Tez-tez ağır yük maşınları gah bizi ötüb keçir, gah bizə qarşı gəlirdi. Maşınlar yaxınlaşana macal şüşəni qaldırırsan, çünki daş yoldan ağır maşınlar keçəndə bərk toz qopur.

Yol gedə-gedə xəyalım Ağa Laçınlıdan, Hüseyn Kürdoğlundan, Malik Fərruxdan, Məhəbbət Kazımovdan və bir çox laçınlı tanınmış mərhumlardan belə dolanır. Onlara belə bir ziyarət səfəri qismət olmadı. Rəhmətliklərin hər biriylə təmasım olub. Ağa müəllimlə yol yoldaşı olmuşam. Gözəl yumor hissi olan bir kişiydi. Deyirəm, sağ olsaydılar və belə bir səfərə laçınlı ziyalılar kimi bir yerdə getsəydik, görən nə olardı?! Laçının işğalı hamısının əhədini atdı, gününü-dirriyini qara elədi, yeyib-içdiklərini zəhərə döndərdi. İndi onlar haqq dünyasındadı. Amma ruh deyilən varsa (mən ona inanıram), bu an yəqin onları düşündüyüm ruhlarına əyandı.

Hər tərəfdə köhnə yola paralel təzə yollar çəkilir. Ha tərəfə baxırsan texnikadır. Zəngilanın girişində də sənədlərimiz yoxlamadan keçdi. Bir az sonra böyük Ağalı kəndinin üstüylə gedirik. Ağalı işğaldan azad olmuş ərazimizdə ilk salınan abad və müasir bir kənddir. Bu kənd həm də işğaldan çıxan yurdlarımızı hansı eşqlə bərpa edəcəyimizin anonsudur. Dostlar görüb fərəhlənsin, düşmən baxıb xar olsun, paxıllıqdan köks ötürsün.

Yol boyu kəndlərin xarabalıqları, həyətlərdə vəhşi ağacların meyvə ağaclarının yerini tutması adamı vaysındırır. Zəngilanda bir yerdən keçəndə qəfildən qurbağaların qurultusu gəldi qulağıma. Qurbağa səsində də doğmalıq olarmış. Onlar da işğaldan, əsirlikdən azad olmuşdular. Yenidən postda yoxlananda əsgərdən harda olduğumuzu soruşuram – Balasoltanlı deyir. Demək Qubadlıdayıq, Laçına az qalıb. Qubadlıda Birinci və İkinci Qarabağ müharibəsinin şəhid qəhrəmanları Əliyar Əliyevi, yanıqlı səslə oxuyan Qorxmazı (Həsənqulu Qasımov) və Şükür Həmidovu xatırlayıram. Yol boyu bəzi yerlərdə qıjhaqıjla axan Həkəri görünür. Qubadlıda daş yol ilə getsək də, yolda daşla torpaq eyni səviyyədədir deyin, maşında sürəti 40-a, 60-a qaldırmaq olur. Qubadlıdan Laçınacan (Güləbirdə) yeni geniş asfalt yol çəkilib, ancaq yola daxil olmaq qadağandır. Təkcə şirkət maşınları hərəkət edirlər.

Nəhayət, Muradxanlını keçirik, qabaqda Güləbirddi. Sarı Aşığın, Yaxşının qəbri olan müqəddəs torpaq. Güləbirdin körpüsündə Laçın lövhəsini keçib maşını saxlayıram. Həkərinin doğma şırıltısıyla geri dönüb “Laçın” yazılan lövhənin dayağını qucaqlayıb ağlaya-ağlaya gah öpür, gah duz kimi yalayıram. Utanıram. Çalışıram üzümü gizlədim, məni görməsinlər. Elə bilirəm bütün Laçınla salamlaşıram, bütün Laçını öpüb oxşayıram. İşğalda olanda Laçını Allahın dərs dediyi sinif otağına, özümü isə dərsə gecikən şagirdə bənzətmişdim. Demişdim o gün olsun Laçına dönüm, qoy gecikdiyim üçün cəza kimi müəllim məni sinifdə ayaq üstə saxlasın. Bu həmin an idi. Dərsə gecikən İlham Laçından çıxmağının 31 ilinin tamamına 33 gün qalmış sinifə girmişdi.

Şəhidlərimizi xatırlayıram. Biz görmüşük ki, ana körpəsini qarşısına qoyub üzünün his-pasını silib, saçına sığal çəkib, açıq yaxasını düymələyir, sonra da üzündən öpür. Bu əzizləmə 44 günlük müharibədə tərsinə oldu. Əsgərlərimiz Azərbaycan adlı ananı qabaqlarına qoyub üzünün his-pasını sildilər, saçına sığal çəkdilər, Kəlbəcərdən Zəngilana qədər açıq yaxasını düymələdilər üzündən öpüb dedilər ki, bir də sənə toxunan olsa, anasını ağladarıq. Ondan sonra Azərbaycanın ağlar üzü gülümsədi, oğullarına güvəni artdı. Allah anamız vətənin belə boyunu sevən şəhidlərimizə qəni-qəni rəhmət eyləsin, qazilərimizə can sağlığı versin! Onların sayəsində Azərbaycanda salam, xeyir-şər, dostluq, sevgi urvata mindi, üstümüzdəki töhmət götürüldü!

Mənimlə yol yoldaşı olan Hacılarlı Mayıl adlı gənc telefonumu alıb şəklimi çəkmək istəyir. Şəkil çəkdirməyə halmı var?! Bir az keçir, özümü toparlayıb “Laçın”ı qucaqlayıram, Mayıl şəklimi çəkir. Şəkli Feysbuk səhifəmə qoyub üstündən yazıram: Yol boyu həsrəti yeyə-yeyə gəlib çıxdım Laçına (iqtibas “Gedəcəm” şeirimdəndi). Qalır könlün alıb barışmaq. Ardınca Laçının Mişni kəndindən (Alxaslıya gəlin köçüb) Fatma Əliyevanın bir bayatısını yazıram:

Dağlardan bir ün gəlir,

Yaramdan irin gəlir.

Adına qurban, Laçın,

Adın nə şirin gəlir.

Həmin anda mənim Laçınla görüşümü bu bayatıdan gözəl ifadə edəcək heç nə ağlıma gəlmir (bayatının ikinci misrası kimlərəsə estetik baxımdan yerində görünməyə bilər, amma, Laçının işğalı dövründə laçınlı bir ananın halını, ürək çırpıntısını gözəl ifadə edir).

Güləbird körpüsündə Həkəriyə qarmaq sallayan oğlana yaxınlaşıram, məlum olur ki, güləbirdlidi, Güləbird Su Elektrik Stansiyasında işləyir. Sarı Aşığın qəbrini soruşuram, əlini kəndin üstündəki dağın sinəsinə uzadıb “ordadı” deyir. Deyirəm qayıdanda Aşığı ziyarət edərik, razılaşır. Çaya yenib əlimi yuyub üzümə su vururam.

Laçın postundan yoxlamadan keçib çayqırağı yeni salınmış daş yolla Laçına doğru yola düşürük. Toran düşüb artıq. Güləbirddən Laçına tərəf üz tutanda bir ah çəkirəm və özümdə qəribə yüngüllük hiss edirəm. Elə bil təzələnirəm. Sanki sacın altında oddan qızan daşın üstünə su tökürlər. “Ahın dağlara!” deyimi burda yerinə düşür. Belə başa düşdüm ki, geriyə köç başlayanda Güləbirddən Laçına daxil olanlar Həkəridə üzünə su vurandan sonra canlarındakı həsrət odundan azad olacaqlar.

Həkərinin sağ tayında hündür qayanın başında ermənilərin maşın təkəriylə dövrələnmiş bayraqları ala-toranda qaralır. Bəzi yerdə onların bayrağıyla bizim bayraq dimdik-dimdiyə dayanıb. Dönüklərin istifadəsi üçün dövlətimizin inşa etdiyi Qayğı körpüsünün altından keçirik. Güləbird tərəfdən qalxanda körpünün sağ başında yüksəklikdə rusların bayrağı, körpünün gözündə isə postları var. Təxminən 20 km-dən sonra Zabuğun arxasında çayın üstündə müvəqqəti inşa olunmuş körpünü keçib Laçın-Zabux yolundakı döngəyə qalxıram. Burda yol haçalanır – sola Zabux, Minkənd istiqamətinə, sağa Sus, Hoçaz və Laçın şəhəri istiqamətinə. Şəhərin işıqları Topatılan (ermənilərlə keçən əsrin əvvəllərində döyüş vaxtı dədə-babalarımız Osmanlıdan gələn topu burda qurub atırmışlar) deyilən yerdən o qədər gözəl və sehrli görünür ki… Uşaqlığım keçən yerlərlə Laçın şəhərinə doğru yola düşürəm. Susun Həkəri çayı boyunca tut, gilas bağlarından, bostan, tütün, qarğıdalı, yonca yerlərindən əsər-əlamət qalmayıb. Hər yer yüksək gərginlikli elektrik yarımstansiyasının altına düşüb. Gəlib çatıram evimizin yanındakı Nikolay (el arasında Padşahlı körpüsü də deyirdilər) körpüsünə. Oxucular üçün məlumat verim ki, həmin bu körpüdə 1919-cu ilin mayında Sultan bəyin yerli camaatdan olan ordusu daşnak Andronikin ordusunu yarı bölüb qırıblar (xatırlatmanı ona görə yazıram ki, bir çox tarixçilər bu hadisəni Zabux dərəsinə aid edirlər, bu səhvdir). Bəyliyin bulağında Bakıda yola düşdüyümüz adamlarla görüşüb yüklərini və mənə qoşduqları fəhlələri düşürürəm. Bulağın suyundan bir ovuc içirəm. Gecə də olsa, Bəylik kəndinə tərəf baxıram, gözümə bir ev qaraltısı dəymir. Çay yoluyla şəhərə qalxıram. Şəhərə girəndə tamam çaşıram, hansı məhəllədə olduğumu bilmək üçün maşını saxlayıram. Yolun kənarındakı qril və dönər dükanına yaxınlaşıram. Məlum olur ki, dükanı Saday Şükürovun oğlu Zöhrab işlədir. Yanında ayrı 2 nəfər laçınlı da var. Məni tanıdıqlarını deyirlər. Zöhrabdan durduğumuz yerin şəhərin harası olduğunu soruşuram, deyir RTS-di (maşın təmir stansiyası yerləşən məhəllə Laçında belə adlanırdı). Şəhərin içindəki yolun bir neçə dolamasını kəsələyiblər deyin adam çaşır. Laçında məşhur “Poçtun arası” deyilən yeri 1941-45-in abidəsinin pilləkənlərindən tanıdım. Gözüm “Ana” heykəlini axtarır. Deyirlər yoxdu, düşmənlər söküblər. Mən həmin “Ana” heykəlindən bağışlanmağımı diləyəcəkdim. Sovet İttifaqı Qəhrəmanı Əvəz Verdiyevin Laçındakı heykəlinə “Məktub” şeirimdə belə misralar var:

…Laçından çıxandan sonra bildim

daş olsa da heykəllər də qanır,

Heykəllər də içində çəkir,

içindən doğranır…

Bakı Abadlıq şirkətinin “Poçt”dakı idarə binasına daxil oluram, ilk gündən Laçının bərpasına qoşulan Elnur Abdullayevlə görüşürük. Axşam saat 8-i keçsə də, toplantıda olduğunu deyir. Laçında Təndir Evində işləyən dostum Xəyyam Nəsirovun yerini soruşuram. Deyir, köhnə Yol idarəsinin altındadır. Vaxtilə dədəm də bu idarədə işlədiyi üçün çətinlik çəkmədən gəlib tapıram. Təndir Evi Yol İstismar İdarəsinin yardımçı binasında yerləşir. Hər iki Qarabağ müharibəsinin qaziləri Xəyyam Nəsirov və Əbülfət Kərimovla görüşüb içəri keçirəm. İlk sözləri bu olur, müəllim, yer sarıdan narahat olmayın, əlavə çarpayımız var. Saat 9 olmasına baxmayaraq, iki xanım həyətdəki qoşa təndirə çörək yapırlar. Söhbət edəndə məlum olur ki, Laçında bərpa işləri aparan insanların çörəyini bişirən xanımlardan biri Masallının Qədirli kəndindəndir, o biri xanım isə Bərdənin Ləmbəran kəndindən. Laçının yeni tarixində yer alan masallılı xanımın adı Mədinə, ləmbəranlının adı isə Sərmayədir. Çörək üçün gələnlərlə tanıdılar-tanımadılar, “hay can”la, “qadan alım”la danışırlar. Çox qoçaq xanımlardı. 8 aydı Laçındadılar, amma darıxmırlar. Elə bil burda doğulub boya-başa çatıblar. Gələnlər hamısı onlardan razılıq edirlər.

Xəyyamdan xahiş edirəm ki, şəhərin ayağına dövrə vurub qayıdaq. Bu arada Laçına gələcəyimi sosial şəbəkədən oxuyan Orxan Saffarinin “Laçındayam, araq gətirin” sifarişini də yerinə yetirirəm. Zəngləşirik, yerimizi bilən kimi gəlir. Onunla ilk görüşümüzdür, məşhur kinoda deyildiyi kimi, uzundıraz bir oğlandı. Yazıçı üçün arağın böyrünə bir az da Udulu narı qoyuram. Nar əsgərlərin payıdı. Orxana olar, o da Laçında xidmət edib və indi də bərpa işlərinə qoşulub.

Xəyyamla şəhərin başına çatanda xəyallarım alt-üst olur. Şəhərin mərkəzi küçəsinin altı üstünə çevrilib. Bayraq meydanından şəhəriin ayağına xırda maşınla çətinliklə gedirik. Cərgə dükanlar, bazar, Poladın mebel dükanı, dəlləkxana, rabitə, redaksiya, Xanoğlanın çayxanası, poçt, “Soyuzpeçat”, kitabxana, məişət evi, məhkəmə, əczaxana, xəstəxana, 8 illik məktəb, Əmanət bankı, Laçın bankı, Mədəniyyət evi, 1 №li məktəb, N.Nərimanovun büstü indən belə ancaq görənlərin xatirəsində və şəkillərdə olacaq. İki bina yerindədir. Biri bazarın pilləkəninin başında köhnə “Maarif”in binasıdır. Orda indi “Azərişıq” yerləşir. O biri isə tağbənd qapı-pəncərəsiylə maraqlı memarlıq nümunəsi olan Hərbi Komissarlıqdır. Onu bərpa edirlər.

Yadımdadı, fizika müəllimimiz Şəfiqə xanım dərslərin birində Laçın şəhərinin salınmasından bəhs etdi və şəhərdə ilk olaraq hərbi komissarlığın tikildiyini dedi. Onu da əlavə etdi ki, hərbi komissarlığı Şuşadan gələn ustalar tikib.

Maşını İsak Mirzəyevin evinin arxasında saxlayıb düşürük. Gecə saat 12-yə az qalır. Amma hər yerdə gur işıqların aydınlığında iş gedir.

Gecdir. Təndir Evinə qayıdırıq. Gecə özümlə götürdüyüm yatacağı mənə ayrılan çarpayıya açıb uzandım. Dünən gecə yatmamışdım. Yatağa girən kimi daş kimi yatdım. Bakıda axşam saat 8-də şamı yeyib saat 11-də yatıram. Səhər dururam ki, yediyim yemək mədəmdədir. Laçında səhər gümrah ayıldım, hiss edirəm ki, mədəm bom-boşdur. Qaldığımız binanın giriş otağı genişdir, təndirdən çıxan çörəklər burda stollara çinlənir. Səhər tezdən kimsə həmin otaqda oxuyur. Ucadan oxumağından hiss olunur ki, burdakılara ərki ötən birisidir. Bu oxuyanda Əbülfət dedi ki, bəxtəvər başımıza, şairin biri burda oxuyur, o biri içəridə yatıb. Tez qalxıb geyinirəm. Oxuyan şair yatan şairin kim olduğunu soruşur, Əbülfət deyir İlham Qəhrəman. Oxuyan yenidən uca səslə qayıdasan ki, ayə, bura Təndir Evidi, ya Şairlər Evi?!

Çıxıb görürəm oxuyam Hoçazdan Atakişi oğlu Daşqındı. Söz əhlidi, yaxşı şairdi. Görüşüb nahar edəndən sonra əsgərlərə sovqat çatdırmalı olduğumu Daşqına deyirəm. Amma bir şərtim var, sovqatı şəxsən əsgərlərin özünə vermək. Deyir, dur gedək. Sovqat yükünü Daşqının maşınına (PİKAP) yığırıq. Deyir, payı Hoçazdakı əsgərlərə aparaq. Sevinirəm. Daşqın yolüstü “Poçtun arası”nda maşını saxlayır. Dərhal 7-ci sinifin yazında tikintisində iştirak etdiyim Abidəyə qalxıram. Laçın şəhərinin 50 illiyi münasibətiylə tikilən Abidə o vaxt şəhərin ən uca yeriydi. Sonradan dağ döşüylə üzüyuxarı 2 №li məktəb və evlər tikildi. Abidədən ətraf əl içi kimi görünür – Ağanus tərəf, Zabux tərəf, Sus, Qızılca, Hoçaz tərəf, Qarıkaha tərəf – baxıb gözümün yaddaşını təzələyirəm. Abidə dövrələmə 3 lay divardı. Layların qarşısı səhnəni xatırladır. İçəri üzündə ermənilər bizə aid yazıları və baralyefi söküb müharibədə özlərinin qırılmışlarının siyahısını yazıblar. Məcbur olub uşaqlıq xatirələrimlə dolu abidənin şəklini arxadan – təmiz üzdən çəkirəm. Daşqın aşağıdan sağ əlini sol biləyinə vurur – yəni gəl, gecikirik.

Pilləkənləri düşüb maşına əyləşirəm. Yol Qızılcanın çay obaları Allahverdi uşağı, Alməmmədli və Bağırlıdan keçir. Obaların hamısında evlər xaraba qalıb, tut və gilas bağları qan ağlayır. Çaylardan vurulan dəhnələri sel yuyub.

Hoçazda əsgərlərlə bir-bir əl tutub görüşürəm. Narı, şirniyyatı və Nigarın puluna Nəvahidə marketdən aldığım xurmanı əsgərlərə verməkdən nə qədər məmnunluq duyduğumu bir Allah bilir. Daşqını tanıyırlar. Sovqatı düşürəndən sonra hərbiçilər çölə kətillər qoyurlar, termosdan çay süzürlər. Əsgərlərimizin çayından içməyin ayrı ləzzəti var – sevgi varsa, ərk payı da var. Sovqatı göndərənlərə zəng edib telefonu əsgərlərə verirəm, həm Babək müəllimlə, həm də Nigarla danışırlar. Babək müəllim bir hərbçi kimi danışır əsgərlərlə, Nigar isə ağlaya-ağlaya deyir ki, sizin sayənizdə biz əmin-amanlıqdayıq. Apardığım “Laçın lətifələri”, “Sevgi durna çırağıdır”, “Bir adamlıq şəhər” və Həcər Paşayevanın “Ağ dəvə düzdə qaldı” kitablarından da ayrıca hədiyyə edirəm. Üst-üstə 12-15 kitab olur. Əsgərlər çoxdur, deyirəm dəyişə-dəyişə oxuyun.

Əzəmətli Hoçaz qayasının altında əsgərlərin qarşısında şeir demək də qismətimdə varmış. Laçın lətifələrindən Hoçazla bağlı iki lətifə danışdım, gülməkdən uğunub getdilər. Daşqınla 1992-ci ilin payızında Hoçaz uğrunda gedən döyüşlərdə Laçın Polisindən şəhid olan Milli Qəhrəman Oqtay Güləliyevi, Ədalət Məmmədovu və Əşrəf Məmmədovu xatırlayırıq, ruhlarına salavat çeviririk. Əsgərlərdən ayrılıb kəndin Hoçaz suyun (Həkərinin ikinci böyük qolu) üstündəki bağ yerinə – Qızıl evinə yenirik. Daşqın babaların min zəhmətlə ərsəyə gətirdiyi bu bağı taraktorla vəhşi ağaclardan təmizlətdirir. Qocalayan bar ağaclarının yerinə təzə şivlər salır, bostan yerini kotanla əkdirir. Traktoru işlədən Zaman adında gənc oğlan Ağdaşdan gəlib. Zeyvə kəndindən Ağəmməd adlı kişi də qolunu çirməyib bu işdə Daşqına kömək edir – arı pətəkləri üçün yer düzəldir. Daşqın zarafatla deyir burda şairlər evi tikəcəm, nəvələrinlə gəlib istirahət edərsən. Şairə gördüyü işlərdə uğur diləyirəm. Çayın suyu burda göz yaşı kimi təmizdir.

Təxminən 5 saat burda oldum və bu müddətdə çayın şirin suyundan bolluca içdim. Laçında doğulanların mayası bu yerlərin suyu və havasıyla tutulub. Ona görə su mənə yapışır. Aradan keçən illərdə hansı maddi sərvətlərdən məhrum olduğumuzu heç cür dəyərləndirə bilmərik. Bunun üçün ölçü yoxdur. Laçının və Kəlbəcərin şirin su mənbələri xalqımızın ən qiymətli sərvətləri sırasındadır.

Laçının hər yerində iş qaynayır. Texnikanın əlindən tərpənmək olmur. Şəhərdə böyük maşınların tıxacına düşürsən. SOKAR-ın Şuşa yolundakı yanacaqdoldurma məntəqəsində 1 saatdan çox növbə gözləyirsən. Kəndlərdən gələn yük maşınları həm də öz şirkətlərinin başqa maşınları üçün bidonlarda yanacaq götürürlər. Şəhərdə ancaq kişilər gözə dəyir. Zərif cinsin nümayəndələrini ofislərdə, çay yolunda və çay qırağı abadlıq işlərində görmək olar. Lerik, Astara, Yardımlı, Qazax, Ağstafa, Bərdə, Sabirabad, Masallı, Bakı, Hacıqabul, Şamaxı, Kəlbəcər, Şəkidən işçiləri Laçında görmək xoş oldu. Laçınlıların deməyi bir başqa, onların öz gözləri ilə Laçının gözəlliyini görüb gedəndə dosta-tanışa danışmaqları bir başqa. Ən çox cənub bölgəsindən olan işçilər Laçında quruculuq-bərpa işlərində çalışırlar.

Bəylikdəki evimizə baş çəkirəm. Dədəmin yurdu yurd qalıb. İşçilərə burda evimiz olduğunu deyirəm. Göyəmin, çiyələyin, moruğun bağdakı səmtini göstərirəm. Fəhlələrdən biri deyir, moruq cücərib. Gedib baxıram. Üstünə nə qalınlıqda torpaq verilsə də, moruq cücərib torpaqdan baş qaldırıb. Qara tutumuz susuzdan quruyub. Bağımızda torpaq altında qalan gilənarlar əvvəlki yerindən bir az aşağıda küçükləmiş və çiçəkləmişdilər.

Şəhərin ayağında iki tikinti sahəsindən birinin Yay teatrı, digərinin isə Mədəniyyət evinin binası olacağını söyləyirlər. Mədəniyyət evi eşidən kimi Laçının mədəniyyət xadimlərindən rəssam Yusif Mirzəni, Aşıq Umbayı, Aşıq Cabbarı, Aşıq Famili, yazıçılardan Fəxri Uğurlunu, Şərif Ağayarı, Təranə Vahidqızını, Həcər Paşayevanı, şairlərdən Nadir Azayoğlunu, Kamil Vəfadarı, Arif Məmmədlini, Roma Xosrovu, aktyor Rauf Şahsuvarovu, rejissor Amil Amalı və Laçının geniş kollektivə malik mədəniyyət işçilərini xatırlayıram.

Şəhərdə həyətləri vəhşi ağaclar basıb. Tezdən duranda qaratoyuqların nəğmə, zığ-zığ və sağsağanın çığırtı səsinin düz ortasında olursan. Sanki meşədəsən. Gecələr şəhərdə çaqqallar ulaşır. Şəhərin başında Gödək Mələyin dükanının altından Hoçaz məhləsi tərəfə böyük sinədə meşə əmələ gəlib. Palıd və digər meşə ağacları ərşə uzanır. Kitablardan insan kimi bitkilərin (nəbati), heyvanların da ruhu olduğunu oxumuşam. Mənə görə torpağın da, qayaların da, suyun da ruhu, yaddaşı var.

Yollarda maşında maqnitofonu qoşub pəncərəni açıram – Ağaxan Abdullayevin, Qəndab Quliyevanın, Səxavətin, Nəzakət Məmmədovanın, Xan Şuşinskinin, Alimin, Əbülfət Əliyevin, Elnarə Abdullayevanın, Sara Qədimovanın və bir çox sənətkarlarımızın doğma səsinin ətrafa yayılmasıyla torpağın, daşın, suyun ruhunun oyanmasına, yaddaşının yenilənməsinə inanıram. Rəqslərimiz və aşıq havalarımızın da növbəsi çatır. Məncə, bu sarıdan torpağımız çox aclıq çəkib, indi o aclığı da doldurmaq lazımdı. Arada Abbas Tufarqanlıdan, Qurbanidən, Sarı Aşıqdan, Xəstə Qasımdan, Alıdan, Ələsgərdən, Nəbatidən, Valehdən, Vaqifdən yaddaşımda olan şeirləri deyirəm. Qoy ağaclar, daşlar, bulaqlar özünə qayıtsın, bu həm də torpağa özünü isnad verməkdir, tanışlıqdır – biz gəlmişik.

Laçının bərpası illər aparacaq. Görülən işlərin miqyası çox genişdir – yollar salınır, işıq çəkilir, kanalizasiya quraşdırılır, evlər bir yandan bərpa edilir, bir yandan yenisi tikilir. Bakı Abadlıq şirkətinin ofisində Firdovsi müəllimlə (vəzifəsini bilmədim) görüşdə mənə verdiyi məlumatlar onu deməyə əsas verir ki, gələcəkdə Laçın Azərbaycanın ən gözəl turizm məkanlarından birinə çevriləcək. Laçınlılara burdan bəyan edirəm – Mən ölü, siz diri, vaxt gələcək yayda Laçında adam əlindən iynə atacaqsan, yerə düşməyəcək. Dövlətimizin Laçına diqqəti, təssübkeşliyi, qeyrəti aydın hiss olunur. Hiss olunur ki, ölkə başçısı Laçının bərpasına maliyyə ayırarkən pula qızırqalanmır. Bu həm də bir eşq tarixidir. İşğaldan azad olmuş ərazilərdə quruculuq işlərinə cəlb edilmiş texnikanı görəndə dövlətimizin nə qədər güclü olduğuna əyani şahid olursan.

Dörd gün laçında qalandan sonra qayıtmağa hazırlaşıram. Ancaq bir ziyarətim də var. Mənə görə Laçına gəlib Laçının ruhunu özündə yaşadan Ağanus Turşsuyuna baş çəkməmək günah olar. Dostların topladığı su qablarını götürüb qalın meşənin dərinliyində, maşın yolundan təxminən 300 metr aralıda olan bulağa gəlib çatıram. Sudan içəndən sonra qabları bir-bir yaxalayıb doldururam. Suda kükürd çoxdur. Bir neçə gün qalandan sonra qabın dibi saralmağa başlayır. Həzmə kömək edir. İştahanı açır. Yüngüldür, ağırlıq vermir.

Bulaqdan qayıdıb Təndir evindəkilərlə sağollaşıb yola düşürəm. Güləbirddə 14 il ərzində irsini toplayıb cinaslarını qurduğum nakam Sarı Aşığın və sevgilisi Yaxşının qəbrini ziyarət etmək istəyim baş tutmur. Gələndə mənə bu işdə kömək edəcəyinə söz verən güləbirdli gənc yoxdu deyirlər, harasa gedib. Əsgərlər təklikdə ziyarətin təhlükəli olduğunu bildirirlər. Sarı Aşıqla görüşümü növbəti səfərimə saxlayıram. Sağlıq olsun!

Son olaraq onu deyim ki, gedəndə dostlar məndən Laçına, dağlara, bulaqlara salam aparmağımı xahiş etmişdilər. Hamının salamını ünvanına çatdırdım. Qayıdanda isə Laçından, dağlardan, Həkəridən hamıya salam gətirdim!

İlham Qəhrəman

Teqlər: