31 il öncə Ağdamda basdırılan azuqə təsirləndirdi – Video

31 il öncə Ağdamda basdırılan azuqə təsirləndirdi – Video

İşğaldan azad edilən ərazilərdə qazıntılar, tapılanlar dəhşətdir: əli-qolu bağlı, azyaşlıların da olduğu kütləvi məzarlıqlar, uşaq bağçasının zirzəmisi də daxil olmaqla, gizlədilən cəbbəxanalar, başdan-başa torpaq altına döşənən minalar…

Ermənilərin 30 il ərzində işğal etdikləri ərazilərə “əkdikləri” budur: ölüm, qan, qətliam, silah, mina… Dağılan, məhv edilən şəhərlər, kəndlər, qəbiristanlıqlar…

Bir də azərbaycanlıların basdırdıqları var və ötən gün yayılan videonu həyəcansız izləmək olmur: yağla dolu balonlar, ərzaq… 31 il öncə ermənilərin işğalı ilə evini-eşiyini tərk etməyə məcbur olan insanların son anda azuqələrini torpağa əmanət etməsi, özü ilə götürə bilmədiyini yerə basdırması çox təsiredicidir.

Hər kəs evindən çıxanda mütləq geri qayıdacağını düşünüb; o vurhavurda evinin qapısını bağlayıb, açarını özü ilə götürənlər də az olmayıb.

Qısa zamanda öz evinə qayıdacağını düşünənlər tam 30 il gözləməyə məcbur oldular. Gözləyə bildilərmi? Nə qədər insan yurdundan, yuvasından, ev-eşiyindən kənarda dünyasını dəyişdi? Neçəsi həsrətlə bu dünyadan köçdü?

Bir saata boşaldılan şəhərləri 30 ildən sonra azad edə bildik, ancaq 3 ildən çoxdur qayıda bilmirik: çünki yoxdur o evlər, ermənilər o kəndlərin daşını, çınqılını da yeyiblər.

O torpaq altına basdırılan və indi üzə çıxanlar isə – Ümid idi, sarsılmaz İnam idi.

Bu Ümidlə 30 il gözlədik, bu İnamla 44 günə qalib gəldik. Ümid və İnamın doğurduğu Sevinclə Qarabağ yenidən dirilir.

Sayılı gün tez keçər – 2026-ya çox qalmadı…

Teqlər: