305 su anbarı yuyularaq təmizlənib və dezinfeksiya edilib (FOTO)

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) istehlakçıların su
təminatının yaxşılaşdırılması, keyfiyyətli və dayanıqlı içməli su
ilə təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirir.
Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin regionlarda yerləşən
mərkəzi və məhəllədaxili su anbarlarının yuyulması işləri qrafikə
uyğun davam etdirilir.

ASC-dən AzerTimes-a bildirilib ki, təsdiqlənmiş təlimata uyğun
olaraq “Azərsu” ASC-nin balansında olan su anbarları ildə ən azı
bir dəfə yuyulur və dezinfeksiya edilir. Bu məqsədlə anbarlar
tamamilə boşaldılır və onların dib hissəsi lil çöküntülərindən
təmizlənir. Daha sonra anbarların istismara yararlı olub-olmaması
mütəxəssislər tərəfindən ciddi şəkildə yoxlanılır, təhlükə doğura
biləcək yerlər müəyyənləşdirilərək bərpa işləri aparılır.
Dezinfeksiya işləri aparıldıqdan sonra suyun keyfiyyətinə dövlət
nəzarətini həyata keçirən Gigiyena və Epidemilogiya Mərkəzinin
təqdim etdiyi arayışlar əsasında anbarlar yenidən istismara
buraxılır. İstismar dövründə hər gün anbarlardan su nümunələri
götürülərək Mərkəzi Laboratoriyada analiz olunur.

Bu sahədə işlər hazırda da intensiv qaydada davam etdirilir.
2022-ci ilin yanvar-aprel aylarında ümumi həcmi 490 min kubmetr
olan 305 mərkəzi və məhəllədaxili anbar yuyularaq təmizlənib və
dezinfeksiya edilib. Ümumilikdə, 2022-ci ildə Bakı şəhəri və
Abşeron yarımadasında, həmçinin regionlarda ümumi həcmi 1 milyon
kubmetrdən çox olan 870 anbarın yuyulub təmizlənməsi nəzərdə
tutulur.

“Azərsu” ASC-nin balansında olmayan və mənzil-tikinti
kooperativlərinə (MTK) məxsus su anbarları da ildə ən azı bir dəfə
yuyulub təmizlənməlidir. Bununla bağlı MTK rəhbərləri
məlumatlandırılır, əhaliyə verilən içməli suyun təhlükəsizliyi üçün
anbarların yuyulub-təmizlənməsinin zəruri olduğu onların diqqətinə
çatdırılır.

MTK-lar su anbarlarının yuyulub təmizlənməsi üçün bu sahədə
ixtisaslaşmış təşkilatlara və ya “Azərsu” ASC-nin yerli sukanal
idarələrinə müraciət edə bilər. Anbarların yuyulması tərəflər
arasında bağlanmış müqaviləyə uyğun olaraq kooperativlərin vəsaiti
hesabına həyata keçirilir. Yuyulub-təmizləndikdən sonra anbarların
istismarına Gigiyena və epidemiologiya mərkəzlərinin rəyi əsasında
icazə verilir.

Teqlər: