Rusiya və ruslar böyük siyasi təcrid vəziyyətindədirlər – o cümlədən Qafqaz və Mərkəzi Asiyada da…
AzerTimes xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq bu gün Davos İqtisadi Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.
“Keçən il Priqojini gördük, sürprizlər ola bilər. Amma Rusiya daxilində hər hansı böyük dəyişikliklərin olacağına dair heç bir işarə yoxdur, təbii ki, onlar gözlənilməz ola bilər”, – o bildirib.
O qeyd edib ki, Rusiya üçün “qiyməti qaldırmaq naminə” hər şey etmək lazımdır:
“Rusiya 300.000 əsgər, minlərlə texnika, yüzlərlə təyyarə itirib. Bu, Rusiya və sadə ruslar üçün çox mühümdür. Onların iqtisadiyyatı çətinliklər yaşayır. Onlar yüksək siyasi qiymət ödəyirlər. Ruslar böyük siyasi təcrid vəziyyətindədirlər, o cümlədən yaxın xaricdə, Qafqazda və Mərkəzi Asiyada. Buna görə də nə olacağını dəqiq proqnozlaşdıra bilmərik. Amma bizim edə biləcəyimiz odur ki, bu ehtimalı maksimuma çatdıraq: hansısa mərhələdə Putin başa düşəcək ki, bu müharibənin davam etdirilməsi ona çox baha başa gələcək”.
Stoltenberqin fikrincə, məhz bu mərhələdə Putin Ukraynanın suveren müstəqil dövlət kimi mövcud olacağı ədalətli, davamlı sülhlə razılaşmalı olacaq.