Ömrünün 30 ilə yaxınını dəmir barmaqlıqlar arasında keçirəndən sonra andlılar məhkəməsi 64 yaşlı amerikalı Maykl Sallivanın 1986-cı ildə baş verən Uilfred Makqrat qətli hadisəsində təqsirsiz olduğu haqda qərar çıxarıb.
AzerTimes xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.
Massaçusets ştatında qanunsuz mühakimələrə görə maksimum kompensasiyanın bir milyonla məhdudlaşmasına baxmayaraq, məhkəmə ona 13 milyon dollar təxminat verib.
“Ən önəmlisi məni qətldə təqsirli bilməmək və onu tərcümeyi-halımdan silməkdir. Pul, təbii ki, mənim üçün çox faydalı olacaq”, – o bildirib.
Maykl Sallivan etiraf edib ki, azadlığa çıxdıqdan sonra yeni dünyaya uyğunlaşmaqda çətinlik çəkib, bu dünya təxminən otuz illik həbsdə olduğu müddətdə kəskin şəkildə dəyişib. Bu müddət ərzində anası və 4 bacısı ölüb və həbsxanada ona dəstək olan sevgilisi sonda onu tərk edib.
Aldığı təzminata baxmayaraq, o, həyatında kəskin dəyişikliklər gözləmir. O deyib ki, həbs olunmazdan əvvəl yük maşını sürücüsü olmağı arzulayırmış. İndi amerikalı yeni yük maşını almağı və bacısı qızlarının qayğısına qalmağı planlaşdırır.