Xəbər - Elçin Mehdiyev – Trend:
30 il ərzində torpaqlarımızın işğal altında saxlanılması Ermənistanı dalan ölkəyə çevirib. Bu gün Ermənistanda yaşayan siyasi və iqtisadi böhranın əsasında da ermənilərin işğalçılıq siyasəti dayanıb. 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbə nəticəsində yaratdığımız yeni reallıq regionda yeni baxışlar və çağırışlar meydana gətirib.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Azər Badamov deyib.
A.Badamov bildirib ki, bu yeni çağırışlar Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin uzunmüddətli təminatına hesablanıb:
“Ölkələrarası əməkdaşlığı inkişaf etdirən kommunikasiyaların açılmasına xidmət edəcək yeni beynəlxalq nəqliyyat dəhlizinin fəaliyyətinin bərpası uzun illər düşmənçilik meyillərini özündə yaşadan qonşu ölkələrin xalqlarının bir-birinə inteqrasiyasını sürətləndirməlidir”.
Deputat bildirib ki, bu ilə qədər ölkəmiz iştirak etdiyi bütün beynəlxalq platformalarda ərazilərimizin 20%-ni ermənilərin işğal etdiyini və bu işğala son qoyulması üçün beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırışlar edirdisə, artıq indi regionda inkişaf və əməkdaşlığın perspektivlərindən danışılır:
“Təbii ki, bu, Azərbaycanın regionda yaratdığı yeni reallıqla əlaqədardır. Bu yeni reallıq ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə bağlıdır. Dağlıq Qarabağ münaqişəsi bitib. Artıq regionda əməkdaşlıq və kommunikasiyaların açılması üçün birgə səylərin göstərilməsi istiqamətində müzakirələr gündəmə gəlib”.
Twitter: @ElchinMehdiyev