30 il ərzində çalışdıq ki, UNESCO gəlib monitorinq aparsın, lakin bu baş vermədi – Soltan Məmmədov

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan Milli Məclisinin deputatı Soltan Məmmədov İrəvanda
AVRONEST Parlament Assambleyasının komitə iclasında erməni
iştirakçının multikulturalizm və mədəni irslə bağlı iddialarına
cavab verib.

AzerTimes-ın
məlumatına görə, S.Məmmədov bildirib ki, Azərbaycan multikultural
bir ölkədir və beynəlxalq ictimaiyyət tərəfindən də multikultural
ölkə kimi tanınır.

“Azərbaycanda çoxlu sayda milli azlıqlar yaşayır. Eyni zamanda
Azərbaycanda 30 minə qədər erməni yaşayır, lakin Ermənistanda bir
nəfər də olsun azərbaycanlı yaşamır. Mədəni irs haqında danışarkən,
nəzərinizə çatdırım ki, Qarabağda 67 məsciddən 64-ü ermənilər
tərəfindən yer üzündən silinib. Bu bir faktdır.

Biz 30 il ərzində çalışdıq ki, UNESCO gəlib monitorinq aparsın
və həmin ərazilərdə Azərbaycanın mədəni isrinin vəziyyətini
qiymətləndirsin, lakin bu baş vermədi. İndi biz gözləyirik ki,
beynəlxalq ictimaiyyət müstəqil şəkildə qiymətləndirmə aparsın və
reallığı dünya ictimaiyyətinin diqqətinə çatdırsın.

Biz müharibə istəmirik və heç zaman da istəməmişik. Biz 30 ildən
çox münaqişənin sülh yolu ilə həll edilməsini gözlədik. Biz hər
zaman BMT qətnamələrinə əsaslanmışıq və qətnamələrdə Azərbaycanın
beynəlxalq səviyyədə tanınan sərhədləri aydın şəkildə göstərilir.
Biz sülh, əməkdaşlıq və dostluq tərəfdarıyıq”, – deyə S.Məmmədov
erməni iştirakçıya cavabında bildirib.

Teqlər: