30 il ərzində Azərbaycan ərazilərinin minalanması Ermənistanın terror siyasətinin davamıdır – TƏHLİL

Xəbər - Fərid Zöhrabov – Trend:

İşğaldan azad edilmiş ərazilərdə 2020-ci il noyabrın 10-dan cari il noyabrın 22-dək minaya düşmələri nəticəsində əsasən mülki şəxslər olmaqla 180-ə yaxın şəxs həlak olub və ya yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə keçən il noyabrın 11-dən cari il noyabrın 22-dək, ümumilikdə, 10 455 piyada əleyhinə, 4640 tank əleyhinə mina, 12 637 partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Bu müddətdə, ümumilikdə, 62 855 782 kv.m (6286 ha) ərazi mina və PHS-lərdən təmizlənib.

Hərbi ekspert Ədalət Verdiyev Trend-ə bildirib ki, Azərbaycan dövlətinin əsas prioritetlərindən biri ən qısa müddətdə işğaldan azad olunan torpaqların minalardan təmizləmək və əhalinin oraya qayıdışını təmin etməkdən ibarətdir. Ermənilərin işğal etdiyi torpaqlarımızda mövqelərini qorumaq üçün kifayət qədər insan resursu olmadığından minalardan çox istifadə ediblər. Piyada əleyhinə mina istehsal edən zavodun da Ermənistanda fəaliyyətinin genişləndirilməsinin məqsədi Azərbaycan ərazilərini minalarla doldurmaqdan ibarət idi.

“Onlar bilirdilər ki, Azərbaycan Ordusu işğalda olan əzəli torpaqlarını azad edəcək. Güc nisbətinin Azərbaycanın xeyrinə olması ermənilər üçün bir siqnal idi. Bunu Aprel döyüşlərində, Günnüt əməliyyatında da gördülər. Bu səbəbdən işğal etdikləri ərazilərimizdə mümkün qədər mina basdırırdılar. Bununla da ordumuzun əks-hücum əməliyyatlarının ləngidilməsini istəyirdilər. Minanı bir eşalonda deyil, bir neçə eşalonda və dəfələrlə eyni yerdə basdırırdılar. Buna görə də Ermənistandan alınmış xəritələr reallığa uyğun gəlmir. Azərbaycan tərəfinə verilən mina xəritələrinin dəqiqliyi basdırılan minalarla cəmi 25% üst-üstə düşür. Buna görə də Ermənistanın verdiyi mina xəritələrinə etibar etmək olmaz.

Bizim mütəxəssislər azad olnmuş torpaqlarımızı təmizləyərək yavaş-yavaş təhvil verirlər. Biz oraya əhalinin qayıdışını təmin edəcəyik” – deyə, Ə.Verdiyev bildirib.

“Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev isə AzerTimes-a açıqlamasında deyib ki, 2020-ci ilin noyabrından indiyədək Ermənistanın Azərbaycan ərazilərində basdırdığı minaların 180-nə yaxın azərbaycanlının həyatına son qoyması və ağır bədən xəsarətləri yetirməsi insanlıq əleyhinə cinayətdir və 30 il ərzində Azərbaycan xalqına qarşı planlaşdırılaraq həyata keçirilən terror siyasətinin davamıdır.

“Vətən müharibəsindən ötən bir il ərzində Azərbaycanın təkidli tələblərinə baxmayaraq, Ermənistan hər vasitə ilə minaların dəqiq xəritəsini verməkdən yayınır. Ermənistanın mina xəritələrini verməkdən imtinası Azərbaycan xalqına qarşı təcavüz planlarını hələ də davam etdirmək niyyətidir. Ermənistanın hərbi siyasi rəhbərliyi faktiki olaraq Azərbaycan torpaqlarının minalardan təmizlənməsində maraqlı deyil. Onlar on minlərlə hektar Azərbaycan torpaqlarını milyonlarla minanın altında saxlamaqla 1988-ci ildən başlatdıqları təcavüz siyasətini davam etdirirlər. Ermənistan dövləti azərbaycanlı köçkünlərin öz torpaqlarına qayıdaraq məskunlaşmasını “minalar taktikası” ilə ləngitməyə çalışır.

Ermənistanın Azərbaycan xalqını daimi terror hədəfi kimi seçməsi onun işğalçılıq siyasətinin tərkib hissəsidir. İşğalçılıq siyasəti yürüdən Ermənistan terror taktikasını da məhz 1988-ci ildən mütəmadi həyata keçirir. Əsasən, dinc əhali qruplarını hədəf etmək erməni terrorunun ən qabarıq xüsusiyyətidir. Ermənistan terrorunun formaları zaman- zaman dəyişsə də onun əsas hədəfi dəyişməyib. 30 il əvvəl də, indi də Ermənistan terrorunun hədəfləri əsasən dinc əhali qruplarıdır. Bakıda, Sumqayıtda, Gəncə və digər yerlərdə, əsasən nəqliyyat vasitələrində çoxsaylı insanı terrora məruz qoyan ermənilər müasir şəraitdə minalanmış ərazilər vasitəsilə terror taktikasını cinayətkarcasına davam etdirir” – deyə, ekspert bildirib.

Onun sözlərinə görə, dünya dövlətləri və beynəlxalq qurumlar erməni terrorunun gerçək üzünü ciddi şəkildə görməli və reaksiya verməlidir. Dünya açıq erməni təcavüzü ilə 30 illik müharibədə Azərbaycan xalqını tək buraxsa da, bu gün xalqımızı erməni “mina terroru” ilə təkbətək baraxmaq haqqına malik deyil. Azərbaycan dövləti erməni terroruna da mütləq qalib gələcək. Lakin dünya ölkələri Ermənistana minalı torpaqlar məsələsində gərəkli təzyiqi göstərməklə Azərbaycan xalqının hüquqlarına ən azı ədalətli yanaşma nümayiş etdirə bilərlər.

Teqlər: