Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
AQTA-dan AzerTimes-a bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 22-də ölkə üzrə 383 ictimai iaşə obyektində 637 monitorinq keçirilib. Monitorinqlər zamanı 3 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küç., ev 18 ünvanında yerləşən, fiziki şəxs Yusifov Akif Yusif oğluna məxsus kafe;
2. Bakı şəhəri, Səbail rayonu, İslam Səfərli küç., ev 3m ünvanında yerləşən, fiziki şəxs Xudiyev Nicat Etibar oğluna məxsus kafe;
3. Oğuz rayonu, Calut kəndində yerləşən, fiziki şəxs Talıbzadə Anar İlqar oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.