Bu ilin birinci rübündə Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi (KOBİA) tərəfindən 3 mindən çox mikro, kiçik və orta
sahibkarlıq subyektinə, eləcə də biznesə başlamaq istəyən şəxslərə
bilik və bacarıqlarının artırılması məqsədilə təlim və məsləhət
xidmətləri göstərilib.
KOBİA-dan AzerTimes-a verilən
məlumata görə, agentliyin ölkənin 21 şəhər və rayonunda fəaliyyət
göstərən KOB inkişaf mərkəzləri (KOBİM) tərəfindən 2500-dən çox
sahibkarın, biznesə başlamaq istəyən şəxsin və startapın iştirakı
ilə 200-dən artıq ödənişsiz biznes təlim təşkil olunub. Təlimlər
biznesin planlaşdırılması və inkişafı, “yaşıl iqtisadiyyat”,
korporativ hüquq, marketinq və satış, maliyyə, vergilər, sığorta,
insan resurslarının idarə edilməsi, ixrac, sahibkarlıq sahəsində
qanunvericilik, peşəkar ünsiyyət bacarıqları və digər istiqamətləri
əhatə edib.
KOBİM-lər tərəfindən bu dövrdə 600-ə yaxın sahibkara biznes
ideyanın reallaşdırılması üçün dövlət və özəl qurumlarla
əlaqələndirmə, maliyyə resurslarına çıxış və digər istiqamətlərdə
məsləhət xidmətləri göstərilib. 2022-ci ilin birinci rübündə
KOBİM-lər Bakı şəhəri və regionları əhatə edəcək 90-a yaxın layihə
üzrə biznes planın hazırlanmasında sahibkarlara və biznesə başlamaq
istəyənlərə dəstək olub.
Bu dövrdə Azərbaycan tərəfindən KOBİA-nın və Almaniya tərəfindən
isə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ)
əlaqələndiricisi olduğu “Azərbaycanın biznes ictimaiyyətində
menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə
Proqramı” çərçivəsində 24 sahibkar və menecer müsahibədən uğurla
keçərək beynəlxalq ixtisasartırma kursuna qatılıb. Ümumilikdə isə
2009-2022-ci illərdə 500-ə yaxın sahibkar və menecer proqramdan
yararlanıb.
KOB subyektlərinin, sahibkarlıq fəaliyyətinə başlamaq
istəyənlərin və startapların onlayn qaydada biznes sahəsində
biliklərinin və məlumatlığının artırılması, təlim ehtiyaclarının
qarşılanması üçün KOBİA tərəfindən yaradılmış videotəlim
platformasından istifadə edənlərin sayı 600-ü ötüb. KOB subyektləri
və biznesə başlamaq istəyən şəxslər www.kobim.az saytının videotəlim
platforması bölməsində qeydiyyatdan keçməklə ödənişsiz olaraq
biznesə başla, yumşaq bacarıqlar (soft skills), korporativ hüquq,
layihə idarəetməsi, maliyyə, satış, marketinq, turizm və ixrac
prosesinin təşkili istiqamətlərində 180 təlim videosundan
faydalanıb.