Makron, Şolts və Draqi Kiyevdədir: bu səfər Ukraynaya dəstək kimi təqdim olunsa da, gerçəkdə Zelenskidən Rusiyaya güzəşt edilməsini istəyən cəbhənin aktivləşməsi hesab edilə bilər.
Və onların Kiyevə səfərinin üç mümkün hədəfi var:
Birincisi, AB-nin zirvə toplantısından öncə son “vəzifələrini” yerinə yetirirlər: gələn həftə keçiriləcək zirvə görüşündə Ukraynanın üzvlüyü haqda qərar veriləcək və Paris-Berlin-Roma üçlüsünün Kiyevə “yaşıl işıq” yandırmayacağı bəllidir; hər üç lider zirvədən öncə Kiyevdə boy göstərməklə zirvədə veriləcək qərarın mənfi təsirlərini azaltmaq, “Ukraynanın yanındayıq” mesajını vermək istəyirlər, onlar qərarlarını Zelenskiyə də izah etmək niyyətindədirlər;
İkincisi, Kiyevin Moskva ilə danışıqlar masasına qayıtmağa inandırmaqdır: “sülh cəbhəsi”ndə yer alan hər üç lider Rusiya ilə “dil tapmaq” ssenarisini müdafiə edir və istisna deyil ki, Zelenskini evində razı salmağa çalışırlar;
Üçüncüsü, hər üç lider bu səfərlə Ukrayna müharibəsinə görə daxildə və beynəlxalq mediada üzləşdikləri tənqidləri ən azı yumşaltmaq istəyirlər.
İstəklərinə nail olacaqları çətin görünür, lakin Makron-Şolts-Draqi üçlüsünün eyni qatarda yola çıxması Qərbdə Vaşinqton-London cəbhəsinə əks olanların praktiki fəaliyyətə keçdiyini deməyə əsas verir və bu, kollektiv Qərbdə parçalanmanın dərinləşməsinə qarşı olan ABŞ-ın da Ukraya müharibəsindəki mövqeyinə təsir edə bilər.