Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı start götürüb.
Azərbaycan Güləş Federasiyasından AzerTimes-a verilən məlumata görə, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb.
Hacı Kərimov dünya çempionatına Ukrayna güləşçisi üzərində inamlı qələbəylə başlayıb. Ancaq 1/4 finalda Gürcüstan idmançısına uduzub.
Cavid Cavadov 1/8 finalda qazax həmkarıyla bacarmayıb. Rəqib finala yüksəldiyi üçün Cavid təsəlliverici görüşə çıxacaq.
Ağanəzər Novruzov startda Çexya təmsilçisinə vaxtından əvvəl qalib gəlib. Millimizin üzvü yerli güləşçiyə də eyni aqibəti yaşadaraq yarımfinala yüksəlib. Finalın bir addımlığında ABŞ təmsilçisinə uduzan Ağanəzər ümidini bürünc medala bağlayıb.
Səttərxan Allahverdili debütdə rumıniyalı rəqibini “tuşe” ilə üstələyib. Həmyerlimiz daha sonra Türkiyə pəhləvanından güclü olub. Ancaq 1/4 finalda hindistanlı güləşçiyə uduzub. Rəqib finaladək irəliləyib və Səttərxan üçün bürünc medal uğrunda mübarizə aparmaq şansı yaranıb.
Azay İsmayılov ilk görüşdə Türkiyə idmançısına məğlub olub.
Bu çəkilərdə təsəlliverici və medal görüşləri iyulun 20-də keçiriləcək.