3-cü avtobus qəzası: məsuliyyəti kim daşıyır?

3-cü avtobus qəzası: məsuliyyəti kim daşıyır?

Uşaq daşıyan avtobuslar xüsusi mühafizə olunmalıdır. Buna görə Bakı Dövlət Yol Polisi (BDYP) valideyn və məktəblərə vaxtaşırı olaraq belə səfərlərlə bağlı müraciət edir. Amma valideynlər çox vaxt idarənin çağırışlarına məhəl qoymur və turizm şirkətinə dövlət qurumundan daha çox güvənir.

Bu sözləri AzerTimes-a nəqliyyat eksperti Elməddin Muradlı ötən gün Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusunun qəzaya düşməsi və 13 nəfərin xəsarət alması barədə danışarkən deyib.

Bunun son günlər baş verən 3-cü qəza olduğunu xatırladan ekspert bildirib ki, əvvəllər bu kimi səfərlərə məktəblər tərəfindən rəsmi qaydada icazə alaraq getmək mümkün olurdu:

“Turizmin inkişafı üçün belə səfərlərin olması normaldır. Amma vaxtilə bu səfərlər üçün məktəb tərəfindən rəsmi qaydada müraciət edilir və hansısa şirkətin maşını ayrılırdı. Hazırda imkanı çatan, turizmin incəliklərinə bələd olmayan hər kəs şirkət yaradır. Onlar isə sürücü kontingentini yetişdirmir və beləliklə, böyük problemlər ortaya çıxır. Problemlərin əsası isə daha çox nəqliyyat məsələlərində özünü büruzə verir. Çünki şirkətlər bu işə təcrübəsi az olan sürücüləri ayırmaqla məsuliyyətsizlik edirlər”.

Ekspert onu da deyib ki, turizm şirkətlərinin öz işlərinin incəliyinə bələd olmaması belə hadisələrə yol açır:

“Turizm böyük məsuliyyətli və çox böyük incəliləri olan sahədir. Ona görə də bu işin incəlikləri şəbəkə şəklində bir-biri ilə bağlı işlənib, həyata keçirilməlidir. Yoxsa turizm şirkəti açdım, sabah bir məktəbin şagirdləri rayona getmək üçün müraciət edəcək və mən də sürücü tapıb zəng edəcəm gəlib aparacaq məsələsi qətiyyən doğru deyil. Turizm şirkətlərinin mənsuliyyətsizliyinin əsas göstəricisi normal sürücü, yaxud şirkətlə müqavilə bağlamamasıdır.

Bundan əlavə təhlükəsizlik üçün şirkət ehtiyat sürücü də götürməliydi. Amma gəlirin çox hissəsinin şirkətə çatması üçün bunu etməyib. Əvvəlcədən valideynə də ehtiyat sürücü barədə məlumat verib qiymətini bildirmək lazım idi. Amma özbaşınalıq edib bir sürücüylə xəttə çıxmaq doğru deyil. Sürücüylə bazar günü axşam Bakıya çatmaq barədə razılığa gəlinib. Sürücü də nəyin bahasına olur olsun, avtobusu mənzil başına çatdırmağa çalışıb. Məsələyə belə səthi yanaşdıqlarına görə onların fəaliyyəti dərindən təftiş edilməlidir”.

E.Muradlı bildirib ki, ən mühüm məqam uşaqların bu yaşda travma almasıdır:

“Bundan sonra onlara psixoloji dəstək lazımdır. İndi bu nümunələrdən sonra digər məktəbli və valideynlər də qorxu keçirəcək”.

Teqlər: