28 Mayın “Müstəqillik günü” adlandırılması azərbaycanlıların tarixi torpaqlarına qayıdışı baxımından əhəmiyyət daşıyır – Elçin Mirzəbəyli

Xəbər - Elçin Mehdiyev – Trend:

28 May – Respublika Gününün “Müstəqillik günü”, 18 – Oktyabr Dövlət Müstəqilliyi Gününün isə “Müstəqilliyin bərpası günü” adlandırılması barədə irəli sürülən təşəbbüs tamamilə məntiqə uyğundur və tariximizlə bağlı reallıqları olduğu kimi əks etdirir.

Bunu AzerTimes-a siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbə, ölkəmizin ərazi bütövlüyünün bərpası, dövlətimizin regional və qlobal proseslərdəki rolu və mövqeyi, Azərbaycan xalqının dünyagörüşü, öz tarixinə, mədəniyətinə, daşıdığı dəyərlərə və təbii ki, dövlətçiliyinə olan bağlılığı müstəqilliyimiz və milli kimliyimizlə əlaqədar hadisələrə yenidən və sistemli baxışı zəruri edir:

“Müzəffər Ordumuzun 30 ilə yaxın bir zaman kəsiyində işğal altımızda olan ərazilərimizi böyük rəşadət və qəhrəmanlıqla azad etməsi vaxtilə heç bir fundamental əsas olmadan ortaya atılmış “Dağlıq Qarabağ” ifadəsini siyasi leksikondan həmişəlik silib, tarixi torpaqlarımız üzərində qurulmuş indiki Ermənistan Respublikasının ərazisindəki toponimlərin, bu ərazilərdə min illər boyu yaşamış Azərbaycan xalqının vaxtilə sahibi olduğu coğrafi məkanlara verdiyi adlarla çağırılması, milli toponimlərə münasibətdə də tarixi ədalətin bərpa edilməsi zərurətini ortaya çıxarıb.

Qeyd edim ki, 18 oktyabr Müstəqillik Günü adlandırılsa da, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının preambulası mahiyyət etibarilə müstəqilliyin bərpası ideyası üzərində qurulub. Sözügedən aktda Azərbaycan Respublikasının 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu xüsusi olaraq vurğulanıb ki, bu da birmənalı olaraq, dövlət müstəqilliyimizin elan olunduğu tarixin 1918-ci il mayın 28-i olduğu anlamına gəlir.

“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında qeyd olunur ki, “Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir”.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixində qəbul etdiyi müvafiq Bəyannaməsi də “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” adlanır. Həm ölkə parlamentinin qəbul etdiyi müvafiq aktlar, həm də tarixi həqiqət ondan ibarətdir ki, Azərbaycan Respublikasının Müstəqillik Günü 28 may tarixidir. 18 oktyabr isə Dövlət Müstəqilliyinin bərpası günüdür. Bu, hər kəsin qəbul edəcəyi olduqca sadə, məntiqli və tarixi reallıqları əks etdirən faktdır və müzakirəyə belə ehtiyacı yoxdur”.

E.Mirzəbəyli vurğulayıb ki, 28 May Respublika Gününü “Müstəqillik günü”, “Müstəqillik günü”nün isə “Müstəqilliyin bərpası günü” adlandırılması barədə irəli sürülən təşəbbüsün mahiyyəti də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının məzmunu və başlığı arasındakı texniki uyğunsuzluğun aradan qaldırılmasına xidmət edir:

“Çünki aktın özündə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından söhbət getsə də aktın adı “müstəqillik aktı” kimi verilib. Qanunvericik aktlarına qeyd olunan məqamlarla bağlı düzəlişlər Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu daha qabarıq, daha dəqiq bir şəkildə ifadə edir. Bu həm də Azərbaycan əleyhinə təbliğat aparan qüvvələrin, o cümlədən Ermənistanın və himayədarlarının, həmçinin müstəqil dövlətimizin milli dəyərlərimiz, tariximiz üzərindən inkişafını qəbul edə, dönyəvi, demokratik və hüquqi dövlət modelimizlə barışa bilməyən dairələrin qeyd olunan uyğunsuzluqlarla bağlı təbliğatını da sıradan çıxaracaq.

28 may tarixinin müstəqillik günü, 18 oktyabr tarixinin isə müstəqilliyin bərpası günü kimi təsbit olunması Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması, məhz həmin tarixdən dövlətimizin müstəqil hüququn subyekinə çevrilməsi faktına əsaslanır. Bu isə öz növbəsində ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu bir daha, həm də hüquqi-normativ akt şəklində təsdiqləyir.

Mövcud yanaşma Azərbaycan Xalq Cümhuriyyətinin sərhədləri və əraziləri ilə bağlı tarixi və hüquqi gerçəklikləri gündəmə gətirir ki, bu da, şübhəsiz ki, azərbaycanlıların öz tarixi torpaqlarına, eyni zamanda Zəngəzura qayıdışı baxımından olduqca mühüm əhəmiyyət daşıyan məqamlardır.

Digər tərəfdən, əgər bizim himnimiz, bayrağımız, dövlət gerbimiz Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi dövlət rəmzləridirsə, bu o deməkdir ki, müstəqilliyimizin tarixi də Azərbaycan Xalq Cümhuriyyətinin yaranış tarixindən – mayın 28-dən başlayır”.

Teqlər: