28 May ilk dəfə “Müstəqillik Günü” kimi qeyd olunur

Bu il ilk dəfə olaraq Azərbaycanda mayın 28-i Respublika Günü
deyil, Müstəqillik Günü kimi qeyd edilir.

Trend xəbər
verir ki, bununla bağlı Milli Məclisin ötən il oktyabrın 15-də
keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun
layihəsi qəbul edilib.

Qanunun qəbul edilməsi ilə 28 May – Respublika Gününün və 18
Oktyabr – Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Mayın 28-i
Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü
elan edilib.

XX əsr tarixə yalnız elm, texnika əsri kimi yox, həm də milli
oyanış, xalqların müstəmləkəçilikdən azad olması və milli
dövlətlərin yaranması əsri kimi də daxil olub.

1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar
sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz
müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə
edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli
təfəkkürlü övladları Azərbaycan Xalq Cümhuriyyətini elan
etdilər.

Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, bütün
Şərqdə ilk demokratik respublika idi. Bu, respublika parlamentli
dövlət idi. Onun dövlət atributları – bayrağı, himni, gerbi qəbul
edildi. Üçrəngli bayraqda türkçülük, islamçılıq və avropalaşmaq bir
vəhdətdə idi. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya
bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu
Azərbaycanı işğal etdi və respublika süquta uğradı.

Teqlər: