28 il ərzində Minsk qrupu çox imkanları əldən verdi – Bundan sonrakı çabalar əbəsdir

Xəbər - Alpər Ziya – Trend:

ATƏT-in Minsk Qrupunda təmsil olunan ABŞ, Rusiya və Fransanın həll etməli olduğu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini Azərbaycan təkbaşına həll etdi. 30 ilə yaxın bir dövr ərzində münaqişənin həll edilməsi üçün üzərinə öhdəliklər götürən bu qrup və orada təmsil olunan həmsədrlər məsələni çözə bilmədi və ya çözmək istəmədilər.

Məlumdur ki, Ermənistan silahlı qvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının məşhur qətnamələri hələ 1993-cü ildə qəbul edilmişdi. ATƏT-in Minsk Qrupunun qarşısında duran əsas vəzifə isə məhz bu qətnamələrin icrasını təmin etmək və yalnız bu istiqamətdə fəaliyyət göstərmək idi. Lakin əvəzində biz bu qrupun 28 il ərzində əslində fəaliyyətsizliyinin şahidi olduq.

BMT Təhlükəsizlik Şurasında qətnamə qəbul edən beş ölkədən üçü ATƏT-in Minsk qrupuna həmsədr olan və hələ də həmsədrlik edən ölkələrdir. Yəni onlar özləri bu qətnamələri qəbul edib. Ona görə də bu qətnamələrin həyata keçirilməsinə imkan yaratmaq üçün onların mandatı var idi. Əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu çox imkanları əldən verdi.

Azərbaycan Prezidenti İlham Əliyev də dünən BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən bir daha vurğuladı ki, əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, əgər Minsk qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi. Odur ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın üzərində deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür.

Məsələ ilə bağlı Trend-ə danışan millət vəkili, politoloq Elman Nəsirov bildirdi ki, artıq tarixə çevrilmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli missiyasını 28 il ərzində öz üzərinə götürən yeganə bir təşkilat var idi. Onun da adı ATƏT-in Minsk qrupu idi: “Həqiqətən də indiki zamanda bu qrupun adını çəkməyin belə mənası yoxdur. Çünki 28 il ərzində öz tarixi missiyasını nəinki yerinə yetirmədi, əslində, bu müddət ərzində münaqişənin həllində buxova çevrildi və həmsədrlər öz davranışları, dişsiz bəyanatları, ünvansız mövqeləri ilə münaqişəni daha da dərinləşdirdilər. Obyektiv, tərəfsiz, qərəzsiz qalmaq əvəzinə, işğalçının yanında yer aldılar. Həmsədrlərin bir çox hallarda verdikləri bəyanatlar diplomatiyadan uzaq idi, Ermənistanın yanında açıq şəkildə yer almaq anlamında idi. Xüsusilə də Fransanın bu istiqamətdə canfəşanlığını yddan çıxarmaq mümkün deyil. Belə olan vəziyyətdə təbii ki, bu gün ATƏT-in Minsk qrupuna heç bir ehtiyac yoxdur. Bu qrupun etmədiklərini Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında etdi və öz torpaqlarını işğaldan azad etdi. İndi də həmin ərazilərin bərpası və yenidənqurulması kimi mühüm və tarixi bir vəzifə uğurla həyata keçirilməkdədir”.

Hərbi ekspert Ədalət Verdiyev də AzerTimes-a açıqlamasında bildirdi ki, nədənsə Azərbaycan ərazilərinin 30 il ərzində darmadağın edilməsinə, bütün mədəni tarixi irsin, yaşayış fondunun, təbiətin, təbii ehtiyatların talan olunmasına göz yuman Minsk qrupu son günlərdə Azərbaycan- Ermənistan arasında artıq başa çatmış münaqişənin nizamlanması üçün səylər göstərməyə çalışır: “Minsk qrupunun 30 ildə həyata keçirdiyi fəaliyyətsizlik Ermənistan ordusunun bu gün fərari orduya çevrilməsi ilə nəticələndi. Biz bu qrupda təmsil olunan həmsədrləri 30 il göz yumduqları, lal və kar qaldıqları, Qarabağa qarşı barbarlığı müşahidə etmək üçün Şuşaya da dəvət etmişdik. Əfsuslar olsun ki, onlar öz fəaliyyətsizlikləri nəticəsində Azərbaycan ərazilərinə vurulmuş ziyanı görməkdən belə imtina etdilər. ATƏT-in Minsk Qrupu üçlüyü “Ermənistan işğalçıdır”, yaxud “BMT-nin dörd qətnaməsi” bəyanatını heç vaxt səsləndirmədi. Halbuki, ATƏT-in həmsədri olan ABŞ Rusiya, Fransa həm də BMT-nin Təhlükəsizlik Şurasının üzvləri idi. Bu gün ATƏT-in Minsk qrupu artıq başa çatan bir münaqişədən deyil, bu münaqişəni sona çatdıran Azərbaycanı təbrik etməlidir ”.

Teqlər: