27 sentyabrla başlayan qələbə yolumuz bütövlükdə regionun mənzərəsini dəyişdirdi – Deputat

27 sentyabr 2020-ci il müasir Azərbaycan tarixinin yeni və şanlı səhifəsidir. Məhz bu gün müasir Azərbaycan tarixində 30 ilə yaxın davam edən işğala son qoyan, eyni zamanda 200 ilə yaxın dövrdə azərbaycanlılara qarşı tarixin müxtəlif dövrlərində vəhşiliklər törədən ermənilərə verilmiş tarixi dərsin başlandığı gündür. Bu gün Anım Günü olmaqla yanaşı soydaşlarımızın xatirəsində yumruq kimi birləşdiyimiz gün olaraq qalmaqdadır.

Azərbaycan milli kimliyi olan tarixi dövlətdir. Süni şəkildə bu coğrafiyaya yerləşdirilən ermənilər tarixin bütün dövrlərində bölgədə nifrət, nifaq yaymaqla ərazi iddialarına düşmüş, müxtəlif vəhşilklər və soyqırımlar törətmişlər. Tarixi Azərbaycan torpaqlarında öz dövlətlərini yaradan ermənilər bununla kifayətlənməmiş, Sovet İttifaqının dağılması ilə Azərbaycanda mövcud olan siyasi hərc-mərcilikdən istifadə edərək Azərbaycan torpaqlarında ikinci erməni dövləti qurmağın xəyalına düşmüşdülər. Əfsuslar olsun ki, müstəqilliyin ilk illərində başı hakimiyyət davasına qarışan AXCP-Müsavat cütlüyünün siyasi naşılığı yekunda ərazilərimizin itirilməsinə və nəticə etibarı ilə 30 ilə yaxın davam edən işğala gətirib çıxarmışdır. Ulu Öndər Heydər Əliyevin hakimiyətə gəlməsi ilə Azərbaycanda dövlətçilik ənənələri bərpa olunmuş və ölkə inkişaf mərhələsinə daxil olmuşdur. Prezident İlham Əliyevin hakimiyyət dövrü isə inkişaf mahiyyətinə görə Azərbaycanı yeni mərhələyə daxil etdi.

Beynəlxalq təşkilatların Azərbaycan ərazilərinin işğal faktını tanımasına baxmayaraq reallıqda heç bir addım atılmadı. Azərbaycan dünyada ikili standartlarlarla çox üzləşən ölkələrdən oldu. Prezident İlham Əliyev Azərbaycanda bütün sahələrin, o cümlədən ordunun inkişafına xüsusi diqqət ayırdı. Azərbaycan ordusu dünya standartlarına uyğun modernləşdirildi, güclü zabit heyəti formalaşdırıldı.

Beynəlxalq hüquqa məhəl qoymayan, işi yalnız sərsəm bəyanatlar verərək Azərbaycanın yeni ərazilərini işğal etməklə hədələməkdən ibarət olan Ermənistanın siyasi rəhbərliyi ölkəmizə qarşı cəbhədə yeni təxribata əl atdı. Nəticə isə Ermənistan üçün fəlakətlə nəticələndi. Azərbaycan müstəqilliyinin ilk illərindəki ölkə deyildi. Hazırkı dövrdə ölkəmizin iqtisadiyyatı bütövlükdə region iqtisadiyyatının çox böyük bir hissəsini təşkil edir, bu coğrafiyada Azərbaycanın razılığı və dəstəyi olmadan hər hansı bir qlobal layihə icra etmək mümkün deyil, ölkə daxilində xalq-iqtidar birliyi çox möhkəmdir. Azərbaycan ordusu dünyanın 50 ən güclü ordu sırasındadır. 27 sentyabrla başlayan qələbə yolumuz bütövlükdə regionun mənzərəsini dəyişdirdi. Cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu öz əzəli və əbədi torpaqlarını işğaldan azad etdi. 44 gün ərzində düşmən və onun havadarları ilə mübarizə hər cəbhədə davam etdi. Əminliklə deyə bilərik ki, Azərbaycan bütün cəbhələrdə qələbə qazandı. Vətən müharibəsi dünya hərb tarixi üçün də yeni səhifə oldu. Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qələbəsi ermənilərin öz orduları haqqında yaratdıqları mifi dağıtmaqla yanaşı, dünya hərb siyasətində də gedişatı dəyişdi. 44 günlük Vətən Müharibəsi qələbəmizlə bitməklə yanaşı, Azərbaycan xalqının qüdrətini də göstərdi. Artıq Azərbaycan xalqı qalib xalqdır. Artıq Azərbaycan qalib dövlətdir.

Azərbaycan dövləti və Azərbaycan xalqı müqəddəs Şəhidlərimizin əziz xatirəsini hər zaman yaşadacaq. Təmsil etdiyim Beyləqan rayonu Vətən müharibəsində 3 nəfəri mülki şəhid olmaqla 136 Şəhid verib. Hər bir Şəhidin öz həyat hekayəsi, qəhrəmanlıq salnaməsi var. Mən fürsətdən istifadə edərək Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirəm.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov

Teqlər: