26 iyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib (FOTO)

Gəncə Dövlət Universitetində 26 iyun-Silahlı Qüvvələr Gününə həsr edilmiş elmi-praktik konfrans keçirilib.

Onlayn qaydada keçirilən konfransı giriş sözü ilə universitetin rektoru, professor Yusuf Yusubov açaraq “Ulu öndər Hreydər Əliyev Milli Ordumuzun qurucusudur” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi demişdir ki, bu ilki yubiley əlamətdar bir vaxtda qeyd edilir. Belə ki, 44 günlük müharibədən qalib çıxan Azərbaycanın Müzəffər Ordusu 30 illik torpaq həsrətinə son qoydu. Bu müharibədə minlərlə şəhid verdik. Yüzlərlə qazi yaralandı. Lakin Vətənimizin düşməndən azad olunması hər bir Azərbaycan vətəndaşında qürur hissi yaratdı. İndi ölkə başçısı tərəfindən şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərilir. Bü müharibədə Gəncə Dövlət Universitetindən də bir neçə nəfər iştirak edərək xalqımıza qələbə sevinci yaşatdı. Onlar universitetdə hər cür qayğı ilə əhatə olunmuşlar.

Sonra universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva “Azərbaycan Ordusunun yaranması tarixinin bəzi məqamları”, Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə “Ordumuz qürurumuzdur”, Azərbaycan dili kafedrasının dosenti Gülarə Məlikova “Azərbaycanda müasir dövrdə ordu quruculuğu”, Ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov “Nizami Gəncəvi yaradıcılığında vətənpərvərlik ruhu”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərov “Vətən mənə oğul desə…” mövzularında məruzələri dinlənilərək müzakirə edilmişdir. Konfransda universitetin Tarix-coğrafiya fakultəsinin III kurs tələbəsi, Vətən müharibəsi iştirakçısı Tural Zeynalovun ikinci Qarabağ müharibəsi haqqında söylədiyi təəssüratları da maraqla dinlənilmişdir.

Konfransda qeyd edilmişdir ki, 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görülmüşdür. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir. Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə – əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət – orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.

Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.

Teqlər: