Bakının Sabunçu rayonundakı “26 Bakı komissarı” küçəsinin adı dəyişdirilib. Həmin küçə “2 aprel” adlandırılıb.
Sabunçu Rayon İcra Hakimiyyətindən (RİH) rəsmi açıqlama verməkdən imtina edib. bildirilib ki, küçənin adının dəyişdirilməsi ilə bağlı sualı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) cavablandıra bilər.
BŞİH-in mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova isə məsələdən xəbərsiz olduğunu deyib və Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etməyi məsləhət görüb.
Qeyd edək ki, küçənin “26 Bakı komissarı”nın adına olması mətbuatda və sosial şəbəkələrdə böyük etiraza səbəb olmuşdu.
Xatırladaq ki, bir müddət öncə də Bakının mərkəzində – “Sahil bağı” (keçmiş “26 Bakı Komissarı” bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən “26” – “Twenty six” adlı kafe bağlanıb. İstiPress-in məlumatına görə, əraziyə polis qüvvələri, icra hakimiyyətinin işçiləri gələrək kafenin sökülməsi əmrini veriblər. Qısa zamanda kafenin adını bildirən “26” – “Twenty six” lövhəsi sökülüb. Kafenin bağlanması birbaşa Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini general-mayor Səhlab Bağırovun müşayəti ilə həyata keçirilib.
Adıçəkilən kafenin icarədarları isə məsuliyyətə cəlb ediliblər.
H. Abutalıbov həmin gün jurnalistlərə açıqlamasında bildirib ki, Bakının mərkəzində “26” adlı kafenin açılması yolverilməzdir: “Qoy, burada yaşayan erməni havadarları da başa düşsün ki, nə qədər Azərbaycan xalqı var, erməni daşnaklarına Azərbaycanda yer yoxdur”.