25 il axtarışda olan şəxs azadlığa buraxıldı

25 il axtarışda olan şəxs azadlığa buraxıldı

Oğurluqda təqsirləndirilən və buna görə 25 il axtarışda olan Rizvan Həsənova hökm oxunub və o, məhkəmə zalından azadlığa buraxılıb.

AzerTimes xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, R.Həsənov 1997-ci ilin əvvəlindən başlayaraq, müxtəlif vaxtlarda Sahil qəsəbəsində yerləşən Qaradağ sement zavodunun ərazisinə daxil olaraq yük doldurma sexindən 5 dəfə, hər dəfə qiyməti 80 min 805 manat (indiki valyuta ilə 16 manat 16 qəpik) olan 250 kq, ümumi dəyəri 404 min 25 manat (indiki valyuta ilə 80 manat 81 qəpik) olan 1 ton 250 kq smeneti gizli yolla talayaraq özü ilə gətirdiyi kisələrə doldurub və hadisə yerində Qaradağ rayon Polis İdarəsi Mühafizə şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Bu cinayət işinə Qaradağ rayon Xalq Məhkəməsində baxılarkən məhkəmə baxışı mərhələsində barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxs isə məhkəmədən qaçaraq gizlənib. Buna görə də, Həsənov Rizvan Cəfər oğlu barəsində axtariş elan edilməklə həbs qətimkan tədbiri seçilib.

Nəhayət R.Həsənov 9 noyabr 2022-ci il tarixdə Lənkəran şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilib.

Teqlər: