25-ci Beynəlxalq Biznes Forumu əməkdaşlıq üçün yeni fürsətlər yaradacaq – MÜSİAD sədri

Xəbər - Çingiz Səfərli – Trend:

Sabah Bakıda keçiriləcək 25-ci Beynəlxalq Biznes Forumu Azərbaycanla Türkiyə arasında ixrac imkanlarının artırılmasına öz töhfəsini verəcək.

Bunu AzerTimes-a açıqlamasında Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) İdarə Heyətinin sədri Mahmut Asmalı deyib. O, üç günlük Azərbaycan ziyarətinin bu mənada yeni fürsət qapıları açacağına ümidvar olduğunu deyib.

“Bakıda keçiriləcək 25-ci Beynəlxalq Biznes Forumunda iştirak etmək üçün 500-dən çox iş adamı dünən və bu gün Azərbaycana gəlib. Hər zaman deyirik ki, Azərbaycan və türk xalqı qardaşdır. Biz bir millət, iki dövlətik. İnşallah bu qardaşlığımız sayəsində birgə bir çox layihələrə imza atacağıq. Sabahkı forumda bir çox yeni layihələri müzakirə etmək və əməkdaşlıq perspektivləri üzərində fikir mübadiləsi aparmaq fürsətimiz olacaq. Türkiyə ilə Azərbaycan arasındakı ticarət həcmi 5 milyard dollar səviyyəsindədir. İnşallah qısa zamanda bunu ilk mərhələdə 10 milyarda, daha sonra isə 15 milyard dollara çatması üçün çalışırıq. İki tərəfin də belə bir iradəsi var” – deyə M.Asmalı qeyd edib.

Onun sözlərinə görə, bu cür iqtisadi forumlar, belə tədbirlər ixrac imkanlarının artırılması istiqamətində böyük fürsətlər təşkil edir.


“Ümid edirəm ki, 3 günlük Azərbaycan ziyarəti bu mənada çox böyük fürsət qapıları açacaq. Bizim tarixdən gələn bağlarımız var. Bu milləti inşallah qiyamətə qədər heç kim ayıra bilməyəcək. Çünki qanlarımız bir-birinə qarışaraq bu torpaqlara tökülüb. Dolayısı ilə əbədi olaraq Azərbaycan və Türkiyə qardaşlığı davam edəcək”, – deyə MÜSİAD sədri bildirib.

Qeyd edək ki, İBF-in rəsmi media tərəfdaşı Trend BİA, Day.Az və TURKİC.WORLD media layihəsidir.

Teqlər: