Xəbər - Ceyhun Ələkbərov – Trend:
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ötən gün dövlət müəssisə və təşkilatlarının satınalmalara məsul səlahiyyətli nümayəndələrinin iştirakı ilə “Satınalma prosedurları: rəqabətlilik və səmərəliliyin təmin edilməsi” mövzusunda onlayn görüş keçirilib.
Qurumdan AzerTimes-a verilən məlumata görə, Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Sahib Məmmədov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük Zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda bərpa-quruculuq işlərinin aparıldığını vurğulayaraq, infrastruktur layihələrinin həyata keçirilməsində iştirak edən satınalan təşkilatların nümayəndələri ilə görüşün keçirilməsinin əhəmiyyətini qeyd edib. Bildirilib ki, son illər dövlət satınalmaları sahəsində aparılan təkmilləşdirmələr, “Dövlət satınalmalarının vahid elektron portalı”nın yaradılması, açıq tenderin elektron satınalma vasitəsi ilə həyata keçirilməsi, dövlət satınalmaları sahəsində şəffaflığın və rəqabətliliyin artırılması, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin satınalmalarda fəal iştirakına zəmin yaradıb.
Tədbirdə qeyd edilib ki, 2020-ci ildə müsabiqə əsasında keçirilmiş satınalmalar zamanı ehtimal olunan qiymətlə müqayisədə 8,03% dövlət vəsaitinə qənaət olunub. Bu, 2019-cu illə müqayisədə 12,8% çoxdur. Həyata keçirilmiş 230 tenderdə və 1061 kotirovka sorğusunda aşkar olunmuş qanun pozuntuları səbəbindən nəticələri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ləğv edilib.
Qeyd edək ki, satınalan təşkilatların 70-dən çox mütəxəssisinin iştirak etdiyi onlayn görüş dövlət vəsaitlərindən daha səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmaları sahəsində qanunvericiliyin tələblərinə ciddi riayət olunması, mütəxəssislərin ixtisas səviyyəsinin və nəzəri biliklərinin artırılması məqsədilə təşkil olunub və bu tədbirlər mütəmadi olaraq davam etdiriləcəkdir.
Görüşdə satınalan təşkilatların nümayəndələri ilə müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.