Bakı şəhərinin Binəqədi, Qaradağ, Suraxanı, Yasamal rayonlarında, Gəncə (II hissə), Sumqayıt (I hissə) şəhərlərində, Abşeron (I hissə), Ağdaş, Beyləqan, Cəlilabad (I hissə), Füzuli, Göyçay (I hissə), Göygöl, Gədəbəy, Hacıqabul, Xaçmaz (I hissə), Qəbələ, Qobustan, Quba (I hissə), Masallı (I hissə), Neftçala, Oğuz, Sabirabad, Tovuz, Yardımlı, Zəngilan (Ağalı kəndi) rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
Dövlət İmtahan Mərkəzindən AzerTimes-a bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 201 imtahan binası, 3582 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 567 imtahan rəhbəri və ümumi rəhbər, 4483 nəzarətçi-müəllim, 663 buraxılış rejimi əməkdaşı (mühafizə), 201 bina nümayəndəsi ayrılıb.
İmtahanda 48 049 şagirdin iştirakı gözlənilirdi.
İmtahanda 21 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
Bu gün, həmçinin Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində də buraxılış imtahanı keçirilib. Bu artıq Dövlət İmtahan Mərkəzinin Ağalıda təşkil etdiyi ikinci imtahandır. Martın 12-də keçirilən ilk imtahanda 11-ci, bu gün isə 9-cu sinif şagirdləri imtahan veriblər.
İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. 1 nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan – şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.
Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün 1 ay ərzində elan olunması nəzərdə tutulur.