Ukraynada yaranmış mövcud vəziyyətlə əldaqədar son iki gündə 21
Azərbaycan vətəndaşı Ukrayna ilə Macarıstan arasındakı sərhəd-keçid
məntəqələri vasitəsilə Macarıstan ərazisinə daxil olub.
Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri İbrahim
Səfərlinin verdiyi məlumata görə, həmvətənlərimiz sərhəd-keçid
məntəqələrinin olduğu şəhərlərdən paytaxt Budapeştə aparılıb. Onlar
Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evində, bu şəhərdə yaşayan
həmvətənlərimizin evlərində, eləcə də mehmanxanalarda
yerləşdirilib. Diapor təşkilatlarının nümayəndələri onlarla
mütəmadi əlaqə saxlayaraq, ehtiyacları ilə maraqlanırlar.
Qeyd edək ki, sərhəd-keçid məntəqələrində Azərbaycan vətəndaşları
üçün rüsumsuz 15 günlük viza rəsmiləşdirilib və onların yaxın
günlərdə Azərbaycana gətirilməsi planlaşdırılır.
Dövlət Komitəsi Ukraynadan Polşa və Macarıstana keçə bilən
azərbaycanlılara müraciət edərək bildirir ki, Azərbaycana təxliyə
olunana qədər bu ölkələrdə fəaliyyət göstərən Azərbaycan evlərində
qala bilərlər.
Polşadakı Azərbaycan Evinə +48 732 858 585,
Macarıstandakı Azərbaycan Evinə +994 50 662 19 89
telefon nömrələri vasitəsilə müraciət etmək olar. Telefon
nömrələri 24 saat aktivdir.
Müraciət edənlərin Ukrayna ilə həmsərhəd ölkələr vasitəsilə
Azərbaycana gətirilməsi planlaşdırılır.
Azərbaycan hökumətinin tapşırığı ilə Diasporla İş üzrə Dövlət
Komitəsi Ukraynada yaşayan soydaşlarımızın Bakıya təxliyəsi
istiqamətində fəaliyyətini müvafiq dövlət qurumları ilə
koordinasiyalı şəkildə davam etdirir.