Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda həyata keçiriləcək 2022-2026-cı illər sosial iqtisadi inkişaf strategiyası nəticəsində növbəti ortamüddətli dövrdə ÜDM-in orta illik real artım tempi 3,9 faiz, qeyri-neft ÜDM-nin artım tempi 5 faiz proqnozlaşdırılır.
AzerTimes-ın məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, 2026-cı ilədək qeyri-neft ixracının həcminin 1,8 dəfə artırılması, ÜDM-də özəl sektorun payının 88 faizə, qeyri-neft qaz sektoru üzrə ÜDM -də KOB-ların payının 35 faizə, qeyri-neft qaz sektoru üzrə məşğulluqda KOB-ların payının 60 faizə çatdırılması nəzərdə tutulub:
“İnsan kapitalı davamlı inkişafın hərəkətverici qüvvəsi olaraq dayanıqlı iqtisadi artımda, əmək məhsuldarlığının artırılmasında və ölkənin qlobal bazarlara inteqrasiyasında həlledici rol oynayıb. Bunun üçün təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi, ixtisaslı kadrların əmək bazarının tələblərinə uyğunlaşdırılması, mövcud insan kapitalından istifadə əhəmiyyətlidir”, – deyə nazir müavini qeyd edib.
O bildirib ki, müasir trendlər nəzərə almalı, mövcud işçi heyətin rəqəmsal bilik və bacarıqları artırmalıdır:
“Savadlı kadrlar yetişdirməliyik. İstehsalat, sənaye və elm müəssisələri arasında əlaqələr genişləndirilməlidir. Ali təhsilin ümumi idarəçilikdə, daha çox əlavə dəyərin yaradılmasında, iqtisadi artımda və əmək məhsuldarlığının yüksəldilməsində rolu böyükdür.
Bu gün ali təhsildə texniki, texnoloji, təbiət və kənd təsərrüfatı isxtisaslarına maraq çoxdur. Bu da səbəbsiz deyil. Dördüncü sənaye inqilabının çağırışları nəzərə alınaraq, son iki ildə əsas foks texniki və texnoloji təbiət ixtisaslarının artırılmasına verilib”, – deyə E.Əliyev vurğulayıb.