Xəbər - İlhamə İsabalayeva – Trend:
Mənzil və fərdi evlə təmin olunan şəhid ailələri, müharibə əlillərinin sayı 2025-ci ilin sonuna kimi 20 mini ötəcək.
AzerTimes-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli sərəncamı ilə yaxın 5 ildə həm 2014-2019-cu illərdə uçota alınmış şəxslərə, həm də 2020-ci ildə hərbi əməliyyatlar, o cümlədən Vətən müharibəsi zamanı şəhid olanların ailələri və bu müharibənin əlillərinə mərhələli şəkildə mənzil və fərdi ev təqdim edəcək. Bu müddətdə onlara ümumən 11 min mənzil və fərdi ev veriləcək.
S.Babayev qeyd edib ki, şəhid ailələrinə, müharibə əlillərinə 1997-2020-ci illərdə 9200 mənzil və fərdi ev verilib. Cənab Prezidentin xüsusi qayğıkeşliyi nəticəsində yaxın 5 ildə onlara daha 11 min mənzil və fərdi ev veriləcək.
“Bununla mənzil və fərdi evlə təmin olunanların sayı 2025-ci ilin sonuna 20 mini ötəcək. Artıq 2021-ci ilin planı üzrə 100 mənzil şəhid ailələri və müharibə əlillərinə verilib və il ərzində bu tədbirlər ardıcıllıqla davam edəcək”.